AZ EN RU

Naxçıvan Dövlət Universiteti Türkiyədə keçirilən beynəlxalq konqresdə təmsil edilib

    Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və nümayəndə heyəti I Beynəlxalq Tibbi Forum çərçivəsində birgə əməkdaşlıq edilən Türk Qastroenterologiya Dərnəyinin dəvəti ilə Türkiyənin Antalya şəhərində həmin dərnəyin təşkilatçılığı ilə keçirilən 39-cu Beynəlxalq Qastroenterologiya həftəsi və 10-cu Qastroenterologiya Cərrahiyyə Konqresində iştirak ediblər.
    Dünyanın 20-dən çox ölkəsindən 1500-dək iştirakçının qatıldığı beynəlxalq konqresdə dünya qastroenteroloqları, universitet və dərnəkləri bir araya gələrək, müasir texnologiyalar, müayinə və müalicə üsullarını təhlil ediblər. Konqresdə simulyasiyalara əsaslanan təlim metodlarının tibb tədrisindəki əhəmiyyəti, canlı heyvanlar üzərində aparılan endoskopik əməliyyatlar simulyasiyalar vasitəsilə çatdırılıb. 
    Konqres çərçivəsində Naxçıvan Dövlət Universitetinin uzun müddət əməkdaşlıq etdiyi İzmit Kocaeli Universiteti, eyni zamanda Rizə Rəcəb Təyyib Ərdoğan Universitetinin rektorları ilə görüşlər keçirilib. Görüşlərdə əsas məqsəd müxtəlif xarici ölkə universitetləri, dərnək və cəmiyyətlərlə əməkdaşlıqların yaradılması, Naxçıvan Dövlət Universitetinin beynəlxalq arenada tanınması baxımından geniş imkanlar yaradılmasıdır.
    Qeyd edək ki, konqres gələcəkdə Naxçıvan Dövlət Universitetində canlı heyvanlar üzərində aparılan əməliyyatların simulyasiyalarla keçirilməsi, bu məqsədlə ənənəvi və onlayn kursların təşkili, tələbə və rezidentlərin bu xətt üzrə xaricdə kurslara göndərilməsi, həmçinin bu sahədə qardaş ölkənin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulması, tibbin aktual sahələrinə dair elmi araşdırmaların tibb təhsilinə innovasiyası baxımından böyük əhəmiyyət daşıyır. 
    Məlumat üçün onu da bildirək ki, konqresin təşkilatçı qurumları tələbə və rezidentlərin xarici ölkələrdə kurs keçmələrini dəstəkləyir.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 25.11.2022 22:04