AZ EN RU

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələri qardaş ölkədə istehsalat təcrübəsini uğurla başa vurub - FOTOLAR

    Muxtar respublikamızın elm-təhsil mühitində mühüm mövqeyə sahib olan Naxçıvan Dövlət Universiteti fəaliyyət göstərdiyi 55 il müddətində peşəkar və savadlı kadrların yetişdirilməsi yolunda cidd-cəhdlə çalışmış, ölkəmizə, eləcə də muxtar diyarımıza savadlı, intellektli kadrlar hazırlamaqla böyük maarifçilik yolu qət etməkdədir. Vurğulamaq yerinə düşər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ali təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi, yeni ixtisasların yaradılması və onların gələcək perspektivlərinin müəyyən edilməsi daim diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, tələbələrin təhsil səviyyəsinin daha da yüksəldilməsi, onların nəzəri və praktik biliklərinin paralel inkişaf etdirilməsi baxımından universitetin beynəlxalq əlaqələrinin artırılması da burada yaradılan şəraitin əsas göstəricisidir. Bu mənada, Naxçıvan Dövlət Universitetində artıq 23 ildir, fəaliyyət göstərən Tibb fakültəsi yarandığı gündən etibarən müxtəlif ölkələr və universitetlərlə əməkdaşlıq qurmaqdadır. 

    Ötən günlərdə keçirilən Tibb fakültəsi tələbələrinin yay istehsalat təcrübələri də, bu mənada, təqdirəlayiq hadisə idi. Bununla bağlı fakültənin dekanı, dosent Elsevər Əsədovla həmsöhbət olduq, həmin səfərlə bağlı təəssüratlarını öyrəndik.
    Elsevər müəllim, ilk növbədə, Tibb fakültəsinin gələcək perspektivləri və beynəlxalq əlaqələrindən söhbət açaraq dedi: “Naxçıvan Dövlət Universitetinin son dövrlər bütün sahələrdə əldə etdiyi dinamik inkişaf açıq-aydın görünməkdədir. Bunun nəticəsidir ki, universitetimiz Azərbaycanın ali təhsil sistemində özünəməxsus mövqe qazanmışdır. Xüsusilə tibb təhsili sahəsində atılan addımlar universitetin nüfuzunu daha da yüksəltməkdədir. Bunu ötən dövrdə muxtar respublikamızda keçirilən I Beynəlxalq Tibbi Forum bir daha nümayiş etdirdi”. 
    Elsevər Əsədovun sözlərinə görə, tibb sahəsi üzrə kadr hazırlığında atılan addımlar, maddi-texniki bazanın və kadr təminatının gücləndirilməsi tibb təhsili almaq istəyən tələbələrin sayını günü-gündən artırır. Bunun nəticəsidir ki, 2022-2023-cü tədris ilində Tibb fakültəsində 1600-dən çox tələbənin tədrisə başlayacağı gözlənilir. Bununla da ali təhsil ocağımızda yüksək səviyyədə qurulan belə beynəlxalq əlaqələr xarici ölkə universitetləri ilə əməkdaşlıq müqavilələrinin bağlanmasına, ikili diplom layihələrinin həyata keçirilməsinə, ortaq elmi araşdırmaların aparılmasına şərait yaratmışdır. Bu əməkdaşlıqlar çərçivəsində universitetin professor-müəllim heyəti il ərzində bir sıra nüfuzlu konqreslərə, sammitlərə dəvət olunurlar. Bu tədbirlər içərisində tibb təhsili alan tələbələrin qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu universitetlərində keçdiyi ənənəvi yay istehsalat təcrübələrinin də xüsusi yeri vardır. 
    Elsevər müəllim deyir ki, Naxçıvan Dövlət Universitetində alitəhsilli tibbi kadr hazırlığına 1999-cu ildən başlanılıb. 2002-ci ildən isə xarici ölkələrdə istehsalat təcrübələri həyata keçirilməkdədir. Bu günədək tələbələr müxtəlif müddətlərdə qardaş ölkənin onlarla universitetinə ezam olunublar. İkiillik pandemiya müddətindəki məlum çətinliklərdən sonra builki istehsalat təcrübələri daha böyük heyətlə iştirakı və yeni əməkdaşlıqların qurulduğu universitetlərdə keçirilməsi ilə yadda qaldı. Əməkdaşlıq müqavilələrinə müvafiq olaraq ənənəvi yay təcrübələri qardaş ölkənin Ankara şəhərindəki Qazi və Ankara, Kayseri şəhərindəki Erciyes, Ərzurum şəhərindəki Atatürk və Trabzon şəhərində fəaliyyət göstərən Qaradəniz Texniki universitetlərinin klinikalarında 18 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək davam etmişdir. Yay istehsalat təcrübələri üçün səfər edilən universitetlərin ikisi – Ankara və Qazi universitetləri ilə cari ildə ilk dəfə əməkdaşlıq müqavilələri bağlanmış, əvvəldən əməkdaşlıq müqavilələri mövcud olan Ərzurum Atatürk və Qaradəniz Texniki universitetləri ilə bu il əməkdaşlıq müqavilələri yenilənmişdir.
    Yay istehsalat təcrübələrində, ümumilikdə, 18 müəllim, 5 həkim-rezident və 112 tələbə olmaqla, 135 nəfər iştirak etmişdir. Təcrübələrə Tibb fakültəsinin Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq, Tibb, Hərbi tibb, İctimai səhiyyə və Psixologiya ixtisaslarında təhsil alan tələbələr və fakültədə tədrislə məşğul olan həkimlər daxil edilmişdir. 
    Təcrübələr zamanı universitetin Tibb fakültəsinin rəhbərliyi ilə təcrübə keçirilən universitetlərin müvafiq qurumları arasında görüşlər təşkil olunmuş, əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun gələcək işlər müzakirə edilmişdir. Bu görüşlərdə qardaş ölkə universitetlərinin professorları, uzman həkimləri Tibb fakültəsində təhsil alan tələbələr üçün onlayn və üz-üzə dərslərin təşkili, ortaq elmi tədqiqatlar, birgə konfransların keçirilməsi, doktorantura təhsilində qardaş ölkə universitetlərinin yüksəkixtisaslı mütəxəssislərinin rəhbərlik etməsi və sair müzakirə edilmiş, müvafiq razılaşmalar əldə olunmuşdur.
    Bəhs olunan təcrübələrin ən maraqlı məqamlarından biri də Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin məzunları və hazırda universitetdə rezidentura təhsili alan və xaricdə stajorluqda olan həkim-rezidentlərlə görüşlərinin təşkilidir. Ankara şəhərinə ezam olunan heyətdəki müəllimlərimizin Hacettəpə, Ankara və Qazi universitetlərində təhsilini davam etdirən və uzman-həkim kimi çalışan məzunlarla görüşləri keçirilmişdir. Məzunlarımızın təkcə respublikamızda deyil, ölkə hüdudlarından kənarda fəaliyyət göstərməsi universitetimizin tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir, həmçinin gələcəkdə muxtar respublikamızın ixtisaslı tibbi kadrlara olan tələbatının ödənilməsi baxımından da təqdirəlayiqdir.
    Təcrübələr müddətində həftə sonları təşkil olunan sosial proqramlar da həkim-tələbə kollektivi üçün yaddaqalan olmuşdur. Heyətin Ankara şəhərində Mustafa Kamal Paşa Atatürkün məzarının yerləşdiyi Anıtqəbir və ümummilli lider Heydər Əliyevin adına salınmış möhtəşəm Heydər Əliyev Parkını ziyarətləri, Kayseri şəhərində əfsanəvi Kapadokya səyahəti, Trabzon şəhərində olan heyətin Uzungöl və Ərzurum şəhərindəki heyətin Çağlayan şəlaləyə səyahətləri tələbələrə xoş anlar yaşatmışdır.
    Onu da qeyd etmək lazımdır ki, yay istehsalat təcrübələrindən təkcə tələbə və rezidentlərimiz deyil, həkimlərimiz də faydalanırlar. Xüsusilə qeyd etmək istəyirəm ki, Tibb fakültəsinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, dosent Mətləb İbrahimovun uşaqlarda allergik testlərin aparılması üzrə keçdiyi kursların nəticəsi olaraq bu yaxınlarda universitetimizin klinik xəstəxanasında allergik testlər tətbiq edilməyə başlanılacaqdır. 
    Elsevər Əsədov söhbətinin sonunda onu da bildirdi ki, tələbələrin nəzəri bilikləri ilə yanaşı, bacarıqlarının artırılmasında növbəti hədəfimiz 2022-ci ildə əməkdaşlıq müqaviləsi bağladığımız İ.M.Seçenov adına I Moskva Dövlət Universitetinin Bakı Filialının Simulyasiya Mərkəzində təlimlərə başlamaları və akkreditasiya olunmalarıdır. Bu prosesin də 2022-2023-cü tədris ilindən etibarən həyata keçirilməsi planlaşdırılıb. 
    Növbəti müsahibimiz Kayseri şəhərində fəaliyyət göstərən Erciyes Universitetində istehsalat təcrübəsində iştirak edən Ümumi təbabət və klinik fənlər kafedrasının professoru İsa Abdullayev oldu. Professor keçirilən təcrübə haqqında öz təəssüratlarını bölüşərək dedi: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris proqramına və universitetlərarası əməkdaşlıq müqavilələrinə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin bir qrup həkim və 25 nəfərlik tələbə heyəti Türkiyə Cümhuriyyətinin Kayseri şəhərində fəaliyyət göstərən Erciyes Universitetində istehsalat təcrübəsində iştirak etdik. İyul ayının 18-də bizi Kayseri Erciyes Universitetinin Tibb fakültəsinin dekanlığında təntənəli surətdə qarşıladılar. Bu universitetlə çoxillik dostluq əlaqələrimiz olduğundan bizim gəlişimizə qədər, artıq tələbələrin bir neçə qrupa bölünməsi qrafiki hazırlanmış və hansı bölmələrdə fəaliyyət göstərəcəyimiz planlaşdırılmışdı.
    Elə ilk gündən tələbələr təcrübə keçəcəkləri bölmələrə paylandılar. Tələbələr müxtəlif şöbələrdə yüksəkixtisaslı peşəkar həkimlərin rəhbərliyi ilə öz nəzəri biliklərini təcrübi vərdişlərlə möhkəmləndirməyə başladılar”. 
    Təcrübələrdə fəal iştirak edən tələbələrlə də həmsöhbət olduq, onların təcrübə barədə fikirlərini öyrəndik. Universitetin Müalicə işi ixtisası üzrə V kurs tələbəsi Nurşən Sadıqlı təcrübə müddətindən danışarkən bildirdi: “Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Kayseri Erciyes Universiteti arasında bağlanan müqaviləyə əsasən 4 müəllim, 1 rezident və 25 tələbə olmaqla, 17- 29 iyul tarixləri arasında Erciyes Universiteti Xəstəxanasında yay istehsalat təcrübəsində olduq. Bu müddətdə biz müxtəlif şöbələrdə ixtisaslı həkimlərin müayinə və müalicə üsullarını müşahidə etməklə yanaşı, bəzi əməliyyatlarda bilavasitə assistent kimi iştirak etdik. Mən beyin cərrahiyyəsinə olan marağıma görə bu şöbədə daha çox oldum və cərrahi əməliyyatlarda iştirak etdim. Qardaş ölkənin həkim-cərrahlarının Naxçıvan Dövlət Universitetinin tələbələrinə xüsusi diqqəti burada da göz önündə idi. Tibb tələbələrinin daha keyfiyyətli təhsil alması və gələcəyin bilikli, savadlı həkim kadrları sırasına daxil olması üçün universitetimizin Tibb fakültəsində yaradılan şərait və imkanlar üçün tələbələr adından dərin minnətdarlığımı bildirirəm”. 
    Universitetin ixtisas üzrə IV kurs tələbəsi Aysel İsayeva da öz fikirlərini bizimlə bölüşdü. O dedi: “İllər öncə oxuduğum hikmətli fikir məni hər zaman həvəsləndirib: “Ardınca gedə biləcək cəsarətiniz varsa, bütün arzularınız həyata keçəcək”. Bəli, həqiqətən də bu belədir. Hələ kiçik yaşlardan ən böyük arzu və xəyalım olan həkimlik sənəti məni 3 il əvvəl məni Bakıdan bu gözəl diyara, dilbər məkana, Naxçıvana gətirib çıxardı. Hazırda IV kursda oxuyuram. Çıxdığım bu yolda faydalandığım həkimlər, müəllimlər daha dərin biliklərə yiyələnməyimiz üçün əllərindən gələni edirlər ki, tam mütəxəssis kimi yetişək. Yenicə qayıtdığımız Ankara səfərimiz də bu məqsədə xidmət edir.
    Mən bu səfərə getməmişdən əvvəl yaxın gələcəkdə həkimlik sənətimi hansı sahədə dərinləşdirib, təkmilləşdirmək haqqında çox qərarsız idim. Təcrübə proqramı ərzində Qazi Universitetinin xəstəxanasında müxtəlif şöbələrdə həkimlərin necə cəsarətlə, tərəddüd etmədən qatıldıqları əməliyyatlara dəfələrlə şahid oldum. 2 açıq ürək əməliyyatında assistent kimi iştirakıma zəmin yaratdılar. Bu əməliyyatlar məndə ürək-damar cərrahiyəsinə olan marağı daha da artırdı, hansı ixtisası seçəcəyimə dəqiq qərar verdim. Bizə yaradılan şəraitə görə tələbə yoldaşlarım adından minnətdarlığımı bildirirəm”. 

Bülbül QULİYEVA
Aysel YUSİFZADƏ
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri

Nəşr edilib : 16.08.2022 17:34