AZ EN RU

Naxçıvan Dövlət Universiteti tələbəsinin “Rənglər danışanda” fərdi yaradıcılıq vitraj sərgisi keçirilib

Ali təhsil ocağının İncəsənət fakültəsində ilk dəfədir təşkil edilən vitraj sərgisi Təsviri incəsənət müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Akifə Sadıxovanın fərdi yaradıcılığına həsr olunub. Universitetin rektoru Elbrus İsayev çıxış edərək fakültədə müəllim və tələbələrin fərdi yaradıcılıq sərgilərinin təşkilinin artıq ənənə halı aldığını qeyd edib. Bildirilib ki, tələbələrin bu cür fərdi bacarıqlarının qiymətləndirilməsi onların yaradıcılıq potensialının inkişafına öz müsbət təsirini göstərir. Rektor tələbəni təbrik edərək ona yaradıcılıq uğurları arzu edib.

Azərbaycan Respublikasının Xalq rəssamı, professor Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, dosent Cavid  İsmayılov, Təsviri incəsənət kafedrasının müdiri, Prezident mükafatçısı Siddiqə Hacıyeva çıxışlarında  vitraj sənəti barədə məlumat veriblər. Qeyd edilib ki, şəffaf materialdan hazırlanmış ornamentli və ya süjetli kompozisiya olan vitraj pəncərə və qapı şəbəkələrinin bəzədilməsində, habelə interyerlərin tərtibatında istifadə olunur. Rəngli vitrajlar zəngin işıq boyaları əmələ gətirir və interyerin emosional ifadəliliyini artırır. Romada tapılmış rəngli, hamar, şüşə parçalarından məlum olur ki, e.ə. II minillikdən Qədim Misirdə, eramızın I əsrindən isə Qədim Romada sadə vitrajlar hazırlanıb.

XIV-XV əsrlərdə vitraj sənəti İngiltərədə və digər Avropa ölkələrində geniş yayılıb.

Çıxışlarda həmçinin vurğulanıb ki, Azərbaycanda vitrajın şüşə parçalarının taxta alata bənd edilmiş həndəsi formalı şəbəkə növü inkişaf edib. Bunların ən yaxşı nümunələri Şəki xanlarının sarayında və Şəkixanovların evinin tərtibatında qalıb. Vitrajın monumental, fiqurlu kompozisiya növləri məlumdur.

Tədbirdə çıxış edənlər Akifə Sadıxovanın yaradıcılığını qiymətləndirib, ona gələcək peşə fəaliyyətində uğur arzu ediblər.
Qeyd edək ki, Akifə Sadıxovanın fərdi qabiliyyətinin ortaya çıxıb inkişaf  etməsində böyük rolu və zəhmət olan Təsviri incəsənət kafedrasının müəllimi Əzizə Məmmədova da tələbəsinin əl işlərini qiymətləndirib, ona uğurlar arzulayıb.

Akifə Sadıxova sərginin keçirilməsində dəstəyi olan hərkəsə minnətdarlıq edib.
Sonra sərgiyə baxış olub. Ümumilikdə 50-yə yaxın əl işlərinin nümayiş olunduğu sərgidə şüşə üzərində kompozisiyalar, müxtəlif ornamentli vitraj nümunələri tamaşaçıların marağına səbəb olub.

Səadət ƏLİYEVA

Naxçıvan Dövlət Universitetinin

 Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr

bölməsinin müdiri

Nəşr edilib : 07.06.2023 16:54