AZ EN RU

Naxçıvan Dövlət Universiteti müəllimləri İBM üzrə “SkillsBuild for Academia” proqramına qoşulublar

Naxçıvan Dövlət Universiteti ilə IBM arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən bu sahə üzrə seçilən müəllimlər “SkillsBuild for Academia” proqramına qoşulublar. Proqrama hazırlığın vəziyyətinə dair ali təhsil ocağında görüş keçirilib.

Universitetin rektoru Elbrus İsayev müəllimlərin bu istiqamətdə qoşulacağı təlimlərin əhəmiyyətini diqqətə çatdırıb. Rektor qeyd edib ki, bu istiqamətdə həyata keçirilən təlim və tədris proqramları texnologiya sahəsində təhsil proqramlarını dəstəkləyərək və təmin edərək tələbələrin və tədqiqatçıların hazırlığına təkan verir. Elbrus İsayev vurğulayıb ki, tədqiqat sahəsində universitetlərlə beynəlxalq əməkdaşlıq sahələri texnologiyaların inkişafına kömək edir. Rektor IBM üzrə seçilən müəllimlərin gələcəkdə ali təhsil ocağında qurulan Texnoparkın fəaliyyət istiqamətində mühüm töhfələr verəcəyini önə çəkib.

Görüşdə qeyd edilib ki, bu kurs çərçivəsində ilkin olaraq 20 professor-müəllim heyətinin iştirakı nəzərə alınaraq 5 modul üzrə Cloud Business (Bulud biznesi), Enterprise Design Thinking (Dizayn düşüncəsi), Artificial Intelligence (Süni intellekt), Cybersecurity (Kiber təhlükəsizlik), Data Science (Data elmi ) təlimlər həyata keçiriləcək. Eyni zamanda bu proqrama tədris materialları və TTT (train the trainer) kursları da daxildir.

Diqqətə çatdırılıb ki, artıq oktyabrda baş tutacaq “Cloud Business” təlimi üçün 3 müəllim “IBM Skills Network” platformasından qeydiyyatdan keçərək təlimlərə cəlb olunub.

Qeyd edək ki, IBM dünya çapında informasiya texnologiyaları və xidmətlər sahəsində liderdir. Bu əməkdaşlıqların məqsədi, texnologiya sahəsində peşəkar kadrlar yetişdirmək və müstəqil tədqiqat və inkişafı dəstəkləməkdir.

Səadət ƏLİYEVA

Naxçıvan Dövlət Universiteti, Televiziya, mətbuat və

 ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 03.10.2023 14:37