AZ EN RU

Naxçıvan Dövlət Universiteti müəllimi “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” adlı elmi məqaləsi ilə beynəlxalq sertifikat əldə edib

Naxçıvan Dövlət Universiteti Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Səadət Əliyeva “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” adlı elmi məqaləsi ilə Özbəkistanda keçirilən  "Türk xalqları: ortaq miras və dəyərlər" adlı beynəlxalq simpoziumuna onlayn qatılaraq beynəlxalq sertifikat əldə edib. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan simpoziuma Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, İsveçdən professor-müəllim heyəti qoşulub.

Məqalədə müəllif ulu öndərin muxtar respublikada ali təhsilin inkişafı naminə göstərdiyi xidmətlərdən bəhs edir. Bildirilir ki, Azərbaycan ali məktəbləri sırasında özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin formalaşma və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri vardır. Məqalədə həmçinin vurğulanır ki, çətin blokada şəraitinin yaratdığı vəziyyətə baxmayaraq Heydər Əliyev universitetin problemlərinin həllinə, universitet müəllimləri ilə əlaqələrə xüsusi diqqət yetirərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi o, bu çətin illərdə süni vasitələrlə gözdən salınmış alimləri və müəllimləri onları əhatə edən siyasi və mənəvi böhrandan çıxarmağa nail olmuşdur.

Ulu Öndərin Naxçıvan Dövlət Universiteti haqda səsləndirdiyi “Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur. Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının, inkişafının məntiqi nəticəsidir” fikirləri məqalədə yer alıb.

Ümummilli lider Heydər Əliyevin 11 oktyabr 1999-cu ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin 1600 yerlik yeni tədris korpusunun açılış mərasimindəki nitqi, universitetin professor-müəllim heyəti, tələbələrini təbriki,  1997-ci il universitetin 30 illik yubileyi münasibətilə təbrik nitqi də məqalədə öz əksini tapıb.

Məmmədbağır DÜNYAMALIYEV

Nəşr edilib : 07.06.2023 17:04