AZ EN RU

Naxçıvan Dövlət Universiteti Moskvada keçirilən “Xaricdə təhsil” sərgisində təmsil olunub

    Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Azər Məhərrəmov Rusiyanın Moskva şəhərində keçirilən “Xaricdə təhsil” sərgisində iştirak edib. O, sərgi zamanı “Itec travel & education”, “Beringoff”, “EF”, ”Insayt”, “Swissam”, “Ilac” kimi beynəlxalq şirkətlərin nümayəndələri, Moskva Dövlət Universiteti və Puşkin adına Dövlət Rus Dili İnstitutunun əməkdaşları ilə görüşüb. Görüşlərin başlıca məqsədi Rusiya universitetlərinin təhsil sistemi ilə tanışlıq, universitetlərarası əməkdaşlıq və mübadilə məsələləri olub.
    “ITEC travel & education” şirkətinin Beynəlxalq əməkdaşlıq departamentinin müdiri  Lanita Klimskaya ilə  ali təhsil müəssisəsinə əcnəbi tələbələrin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunması və digər istiqamətləri əhatə edir. Bu əməkdaşlığın mühüm sahələrindən biri – əcnəbi tələbələrin cəlb olunması məsələsi universitet üçün həmişə prioritet istiqamətlərdən biri sayılıb. Təsadüfi deyil ki, əcnəbi tələbələrin sayına görə Naxçıvan Dövlət Universiteti ölkədəki ali təhsil müəssisələri arasında birinci yeri tutur.
    “Beringoff International Academy of Law” şirkətinin İnnovasiya departamentinin müdiri Stanislav Şaqarovla görüş zamanı birgə elmi konfrans və seminarların təşkili, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi, o cümlədən beynəlxalq platformada keçirilən hüquqşünaslar üçün təlim və konfranslarda yerli tələbələrin iştirakı barədə söhbət aparılıb.
    Moskvadakı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu ilə universitet arasında əməkdaşlığı genişləndirmək üçün bir sıra ciddi addımlar atılmalı olduğu vurğulanıb. İnstitutun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Yuriy Viktoroviç Kopılov müzakirə zamanı Naxçıvan Dövlət Universitetində Rus Dili Mərkəzinin yaradılması ilə bağlı səslənən fikirləri müsbət qarşılayıb. Qeyd olunub ki, müasir dünyanın tələblərinə uyğun olaraq müvafiq qurumlar arasında təhsilin qiymətləndirilməsi və birgə elmi-tədqiqat işlərinin aparılması üçün bu əməkdaşlıq böyük perspektivlər yaradacaq.

Naxçıvan Dövlət Universitetinin 
televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 25.10.2022 19:54