AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə Polşanın Jeşuv Universiteti arasında qarşılıqlı əlaqələrin təməli qoyulur

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Polşaya işgüzar səfərə yollanıblar. Səfər zamanı Polşanın Jeşuv Universitetində görüş keçirilib.

Görüşdən əvvəl Jeşuv Universitetinin Texnoparkı, Nanotexnologiya və Biotexnologiya mərkəzləri ilə tanışlıq olub.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə universitetlər arasında tədrisi İngilis dilində aparılan Tibb ixtisasında təhsil alan tələbələrin mübadiləsi və rezidentlərin 3-6 aylıq rotasiyalarının təşkili, Xarici dillər fakültəsi ilə dilçilik sahəsində birgə konfransın keçirilməsi, Jeşuv Universiteti ilə Naxçıvan Dövlət Universiteti elmi kitabxanaları arasında ikili münasibətlərin qurulması, hər iki ali təhsil müəssisəsi kitabxanalarının elmi bazasından tələbə və müəllim heyətinin istifadə etməsi, ortaq beynəlxalq layihələrin hazırlanması, Erasmus+ proqramı çərçivəsində qarşılıqlı tələbə və müəllim heyətinin mübadiləsi haqqında razılıq əldə olunub.

Bunlarla yanaşı mikro və nanotexnologiya və Texnopark  sahələrində əməkdaşlıq yaradılması kimi müxtəlif məsələlər müzakirə olunub. Görüş zamanı Polşada yerləşən, dünyaca məhşur Veliçka duz yatağı və Naxçıvanda yerləşən Duzdağ mağarasının birgə tədqiqi üçün “Duz araşdırmaları” konqresinin keçirilməsində razılığa gəlinib.

Qeyd edək ki, Jeşuv Universiteti ənənəvi Qafqaz konfransına ev sahibliyi edir və əlavə olaraq 2024-cü il bu sahədə bir sıra onlayn konfransların keçirilməsi nəzərdə tutulur.

Görüşdə 2024-cü ildə universitetlər arasında birgə əməkdaşlığa dair memorandumun imzalanması planlaşdırılıb.

Məmmədbağır DÜNYAMALIYEV

Naxçıvan Dövlət Universitetinin

Media və İictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 11.12.2023 10:35