AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Sahibkarlar Konfederasiyası və Cahan Holdinq arasında əməkdaşlıq memorandumu imzalanıb

Universitet-sənaye əməkdaşlığının inkişafına dair məsələlər hər iki tərəf arasında əməkdaşlıq memorandumu ilə öz təsdiqini tapıb. Bu məqsədlə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, belə görüşlərin gələcəkdə hər iki tərəf üçün verəcəyi perspektivləri qeyd edib, dünya təcrübəsində bu cür işbirliyinin nə dərəcədə vacib rol oynadığını vurğulayıb.

Elbrus İsayev şirkətlə uzun illərdir aparılan əməkdaşlıq əlaqələrindən danışıb. Vurğulanıb ki, işgüzar münasibətlər rəsmiləşdirilməli, müvafiq qanunlar çərçivəsində həyata keçirilməlidir.

“Cahan” Holdinqin təsisçisi, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov belə görüşlərin davamlı keçirilməsinin əhəmiyyətli məqamlarına toxunub, əmək bazarında universitetlər və müəssisələr arasındakı münasibətlərdə davam edən dəyişikliklərin bütövlükdə cəmiyyətdə aparılan  islahatların ayrılmaz hissəsinə çevrildiyini diqqətə çatdırıb.

Görüşdə təhsil və sənaye sahələrində daha böyük nailiyyətlər əldə etmək məqsədilə müxtəlif layihələr və proqramlar, universitetdə yaradılacaq Texnoparkda “Cahan Holdinq” ilə iş birliyi çərçivəsində tədqiqat və innovasiyaların inkşafına nail olmaq məqsədilə sənaye təcrübəsi və universitetin akademik potensialının birləşdirilməsi də nəzərdə tutulub.

Naxçıvan Sahibkarlar Konfederasiyası və Cahan Holdinqin nümayəndələrinin əməkdaşlıq barədə təklifləri dinlənilib.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri nəzərə alınmaqla Naxçıvan Dövlət Universitetinin innovativ inkişafını dəstəkləyən qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Səadət ƏLİYEVA

Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 06.02.2024 16:55