AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə Macarıstanın Korvinus Universiteti arasında birgə tədqiqat layihələri hazırlanacaq

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Macarıstanın ən böyük ikinci universiteti olan Korvinus Universitetində görüşlər keçiriblər.

İkitərəfli görüşlərdə bildirilib ki, Korvinus Universiteti maliyyə, iqtisadiyyat və idarəetmə sahəsində üstün təhsil verən bir universitetdir. 14 mindən çox tələbəsi olan universitet, kənd təsərrüfatı elmləri, biznes idarəetməsi, iqtisadiyyat və sosial elmlər sahələrində olduqca inkişaf edib.

Görüşdə ilkin razılığa əsasən Naxçıvan Dövlət Universiteti ilə Korvinus Universiteti elmi kitabxanaları arasında ikili münasibətlərin qurulması, hər iki ali təhsil müəssisəsi kitabxanalarının elmi bazasından tədqiqatçıların, müəllim və tələbə heyətinin istifadə etməsi planlaşdırılıb. Qeyd edilib ki, Korvinus Universitetinin kitabxanasının arxivlərində müəllimlərin və universitet əməkdaşlarının nəşr edilən bütün materiallarını tapmaq mümkündür.

 Korvinus Universitetinin heyəti ilə keçirilən görüşlərdə eyni zamanda iki ali təhsil müəssisəsinin tədqiqat mərkəzləri arasında əlaqələrin yaradılması,  Magistratura və doktorantura ixtisasları istiqamətində birgə tədqiqatların aparılması, elmi əsərlərin hazırlanması və yayımlanması nəzərdə tutulub.

Qarşılıqlı müzakirələr zamanı Naxçıvan Dövlət Universiteti tələbələrinin Macarıstan təqaüd proqramlarından istifadə edərək Korvinus Universitetində təhsillərini davam etdirməsi, bununla yanaşı Korvinus Universitetindən isə tələbələrin NDU-da 1 və ya 2 semestr boyunca təhsillərini davam etdirməsi üçün razılıq əldə olunub.

Naxçıvan Dövlət Universitetinin

 Media və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 15.12.2023 14:29