AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti sənaye sahələri ilə əməkdaşlığını inkişafının prioritet istiqaməti hesab edir. Bu məqsədlə ali təhsil ocağının əməkdaşlıqlarında  sənaye iş birlikləri mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Dövlət Universitetində növbəti görüş “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə keçirilib. Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, belə görüşlərin gələcəkdə hər iki tərəf üçün verəcəyi məqamlara toxunub, dünya təcrübəsində bu cür işbirliklərinin faydalı cəhətlərinə nəzər salıb.

Elbrus İsayev uzun illərdir şirkətlə aparılan əməkdaşlıq əlaqələrindən danışıb. Vurğulanıb ki, universitetin müvafiq ixtisaslar üzrə tələbələri şirkətdə təcrübəyə cəlb olunmaqla gələcəkdə bu istiqamətdə peşəkar mütəxəssis kimi formalaşa bilər.

“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Teymur Rzayev belə görüşlərin davamlı keçirilməsinin mühüm məqamlarına toxunaraq əmək bazarında belə əməkdaşlıqların cəmiyyətdə aparılan  islahatların ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.

Görüşdə təhsil və sənaye sahələrində daha böyük nailiyyətlər əldə etmək məqsədilə müxtəlif layihələr və proqramlar, universitetdə yaradılacaq Texnoparkda “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iş birliyi çərçivəsində tədqiqat və innovasiyaların inkşafına nail olmaq məqsədilə sənaye təcrübəsi və universitetin akademik potensialının birləşdirilməsi də nəzərdə tutulub.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri nəzərə alınmaqla Naxçıvan Dövlət Universitetinin innovativ inkişafını dəstəkləyən qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Elbrus İsayev müxtəlif tədbirlərdə və layihələrdə şirkətin verdiyi dəstəyə görə Teymur Rzayevə universitet adından təşəkkürnamə təqdim edib. Qarşılıqlı hədiyyələr təqdim olunub, görüşdən xatirə olaraq foto çəkdirilib.

Səadət ƏLİYEVA

Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 19.02.2024 18:43