AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə Con Fon Neyman Universiteti arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə Macarıstanın Con Fon Neyman Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu münasibətlə ali təhsil müəssisəsində onlayn görüş keçirilib. Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadənin və səfirliyini birinci katibi Seymur Abdullayevin də qatıldığı görüşdə Tahir Tağızadə hər iki universitet arasında yaradılan qarşılıqlı əlaqələri yüksək qiymətləndirib. Qurulan bu əməkdaşlığın təhsil və elm sahəsində iki tərəfin təcrübə və bacarıqlarını birləşdirərək bölgələrarası əlaqələrin gücləndirilməsinə böyük töhfələr verəcəyini vurğulayıb.

          Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev görüş iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinə və Con Fon Neyman Universitetinin rəhbərliyinə bir neçə ay öncə Macarıstan səfərində göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Con Fon Neyman Universitetinə səfər zamanı razılığa gəlinən mövzuların memorandumda öz əksini tapdığını deyən rektor iki ali təhsil müəssisəsi arasında qurulan qarşılıqlı əməkdaşlıq nəticəsində Macarıstanın digər universitetləri ilə də əlaqələrin geniş vüsət alacağını bildirib.

Keçirilən görüşdə Con Fon Neyman Universitetinin rektoru Tamas Fülöp iki universitet arasında ortaq tədqiqatlar, ERASMUS+ proqramı çərçivəsində birgə layihələrin hazırlanması istiqamətində qurulan əməkdaşlığın məhsuldar olacağına əminliyini ifadə edib. Rektor yaxın müddətdə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin nümayəndələrinin Naxçıvan Dövlət Universitetinə səfərinin nəzərdə tutulduğunu və qarşılıqlı görüşlərin əməkdaşlığa daha böyük töhfələr verəcəyini vurğulayıb.

Sonra universitetlər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Müqavilədə akademik və təhsil sahəsində, beynəlxalq mobillik proqramları üzrə əməkdaşlıq, müəllim-tələbə mübadiləsi, akademik məlumat və materialların mübadiləsi, birgə tədqiqatların aparılması və sair kimi maddələr öz əksini tapıb. Eyni zamanda Kompüter mühəndisliyi, tədrisi ingilis dilində olan ixtisaslar üzrə ikili diplom layihələri,  iqtisadiyyat və biznesin təşkili sahəsində tələbə-müəllim mübadiləsi,  Avrasiya Bilik Mərkəzi ilə birlikdə ortaq tədqiqatlar aparmaq qurulan əməkdaşlığın əsasını təşkil edib. 

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə bu münasibətlə hər iki təhsil müəssisəsini təbrik edərək, qarşılıqlı əməkdaşlıq sahəsində onlara uğurlar arzulayıb.

Məmmədbağır DÜNYAMALIYEV

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 13.02.2024 17:49