AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

    Bu münasibətlə keçirilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor ali təhsil ocağında informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən işlər və ali təhsil ocağında qurulan Texnopark və onun fəaliyyət sahələri barədə məlumat verib. Qeyd olunub ki, universitetdə İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Riyaziyyat və informatika müəllimliyi olmaqla, ümumilikdə, 5 ixtisas üzrə İnformasiya-kommunikasiya texnologiyaları sahəsində kadr hazırlığı həyata keçirilir. Bundan başqa müvafiq ixtisaslarda Nanotexnologiyalar fənninin dərs planına salınması istiqamətində lazımi işlərin görüldüyünü və yeni tədris ilindən bu sahədə tədrisin aparılacağı diqqətə çatdırılıb.
    Görüşdə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İKT sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması imkanları və bu prosesdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin verə biləcəyi dəstəklə bağlı məlumat verib. 
    Görüş zamanı gələcək əməkdaşlığa dair atılacaq konkret addımlar müzakirə olunub. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 25.07.2022 18:12