AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasındakı nümunəvi əməkdaşlıq əlaqələri mədəniyyət və incəsənət sahəsində öz bəhrəsini göstərir

Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyası arasında yaradılan səmərəli əməkdaşlıq münasibətlərinin nəticəsi olaraq Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti Naxçıvan Dövlət Universitetində ustad dərsləri keçiblər.

Ustad dərslərdə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli professor Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, Əməkdar artist Kamran Kərimov Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin tələbələrinə ustad dərdi keçərək öz tövsiyələrini çatdırıblar.

Qeyd edək ki, tələbələrlə görüş incəsənət xadimlərində xoş təəssüratlar yaradıb.

Elə bu təəssüratla da sənətkarların fikirlərini almaq qərarına gəldik. Xalq artisti, professor Mənsum İbrahimov fikirlərini bizimlə bölüşərək bildirdi ki, bizim də arzumuz idi yaradılan fürsətdən istifadə edib tələbələrlə görüş keçirək. Azərbaycan Milli Konservatoriyası ilə Naxçıvan Dövlət Universitetinin birgə iş birliyini çalışırıq ki, maksimum dəyərləndirək və burada olan istedadlı uşaqları paytaxta dəvət edək. Çalışırıq ki, xanəndəlik baxımından gənclərin yetişməsində əlimizdən gələn köməyi əsirgəməyək. Əsas məqsədimiz də budur ki, Naxçıvanda olan yaxşı səsə malik gənclərin sayını bilək və seçim edək. Düşünürük ki, yaxşı səsi olan böyüklərlə yanaşı, azyaşlı uşaqların da sayı çoxdur. Bu cür fürsətləri dəyərləndirib onlarla görüş keçirmək istədik. Amma gələcəkdə bir neçə günlük də olsa, buraya gəlib rahat şəkildə istedadlı uşaqlarla məşğul olacağıq. Azərbaycanın hər bir bölgəsindən xanəndələr çıxır. İstəyirik ki, Naxçıvandan da yaxşı səs sahibləri, xanəndələr yetişsin. Təəssüf ki, indiyə kimi buraya diqqət az olub. Amma əlimizdən nə kömək gəlirsə, bu cür istedadların inkişafı üçün əsirgəmiyəcəyik. Təkcə xanəndəlik deyil, tar, kamança ifaçılarına da dəstək olmalıyıq ki, daha yaxşı inkişaf etsinlər. Onu vurğulamaq yerinə düşər ki, Naxçıvanda çox gözəl şərait yaradılıb və yaxşı da müəllimlərimiz var. Uşaqlar çox gözəl öyrənirlər. Sadəcə, bir çoxunun yaş ilə əlaqədar keçid dövrü olduğundan, onlar üçün müvəqqəti problemdir. Təbii ki, çatışmayan cəhətlər də var. Amma düşünürəm ki, bu görüşlər çox səmərəlidir. Onların gələcək inkişafı üçün də çox önəmli olacaq və biz bunu davam etdirməliyik. Naxçıvandan isə çox xoş təəssüratlar ilə ayrılıram.

Əməkdar artist Təyyar Bayramov: – Bu gün Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında tələbələrlə çox önəmli bir görüşümüz oldu. Çox ümidverici tələbələr var. Lakin bu tələbələr üçün stimul lazımdır ki, Bakıda, yəni Azərbaycan Milli Konservatoriyasından bizim ustad müəllimlərimiz gəlib bu tələbələrlə görüşsünlər, onlara dəstək olsunlar. Ümid edirik ki, bu öz bəhrəsini yaxın zamanlarda verəcək. İncə bir məqam var ki, tələbələrin özündən də çox şey asılıdır. Biz də çalışırıq ki, ustadlarla birgə bu uşaqlara stimul verək. Və düşünürəm ki, bu istedadlı uşaqları ara-sıra efirlərə çağırsalar, üzərlərində daha çox çalışıb daha da məsuliyyət hiss edib daha yaxşı nəticələr əldə edə bilərlər. Bundan sonra onlardan bəhrə də götürmək olar. Onu da qeyd edim ki, muxtariyyətin 100 illiyinə həsr olunmuş konsert proqramında Xalq artisti Mənsum İbrahimovun rəhbərliyini ilə iştirak etdik və özümüz də çox böyük zövq aldıq. Tamaşaçılara öz minnətdarlığımızı bildiririk ki, baxmayaraq, çox yorğun idik, amma onların o isti münasibəti, alqışı heç o yorğunluğu hiss etdirmədi.

Xalq artisti Elçin Həşimov: Əvvəla mən dərin təşəkkürümü bildirirəm Azərbaycan Milli Konservatoriyasının və Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə ki,  möhtəşəm səviyyədə konsert, əlavədən də  ustad dərsləri təşkil ediblər. Çünki buna böyük bir ehtiyac var idi. Bildirim ki, çox möhtəşəm konsertimiz keçdi. Fürsətdən istifadə edib bütün Naxçıvan tamaşaçılarına təşəkkürümü bildirirəm o cür gözəl alqışlara görə. Bu Azərbaycan musiqisinə verilən bir dəyərdir. Mən düşünürəm ki biz tez-tez gəlməliyik Naxçıvana. Çünki biz o istəyi, alqışları gördük və sevə-sevə də gələcəyik. O ki qaldı bugünkü bizim ustad dərsimizə, yoldaşlarımın bildirdiyi kimi, həqiqətən də, buna bizim çox ehtiyacımız var. Yəni biz bir-birimizdən öyrənirik. Bu fikirlərin də mübadiləsidir və əlavədən də müsbət mənada bir təkandır. Naxçıvandan həmişə tar ifaçıları çıxıblar və gələcəkdə də bu mütləq davam etməlidir. Bu cür görüşlərin ardı-arası kəsilməməli, əksinə, artmalıdır. Daha da ciddi işlər görməliyik ki, istedadlı gənclərimizin sayı daha da çoxluq təşkil etsin.

Əməkdar artist Elnur Əhmədov: – Naxçıvan mənim ən sevdiyim şəhərlərdən biridir. Doğulduğum Zəngilan rayonu Məmmədbəyli kəndi ilə Ordubadın əhatə olduğu dağlar bənzərlik təşkil edir və məni özünə daha da bağlayır. Naxçıvanda olmağım bu səbəbdən də mənə bir ayrı xoş təəssüratlar bağışlayır. Təşkil olunan konsert proqramına və təşkil olunan ustad dərslərə görə hörmətli Səyavuş Kərimliyə və Elbrus İsayevə təşəkkürümü bildirirəm. Onların birgə təşəbbüsünün nəticəsi idi bu cür gözəl konsertin baş tutması. Şəxsən öz adımdan bütün naxçıvanlıları təbrik edirəm muxtariyyətin 100 illiyi münasibətilə. Ustad dərslərə gəldikdə isə etiraf edim çox ürəyim açıldı. Onsuz da bilirdim ki, burada yaxşı müəllimlər var, lakin bu qədər ifaçıların olmağı məni sevindirdi. Sinif otağına daxil olanda təəccübləndim və bildirim ki, gözlərim yaşardı. Tələbələrə də dedim ki, haradasa yaxşı bir kamança ifaçısı görəndə, hansısa bir uşağın əlində kamança alətini görəndə istəyirəm ki, ürəyimi ona bəxş edim. Bu cür təşkilatçılıqlar isə bizim milli musiqimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunmasıdır. Dövlətimizə, Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm ki, muğam müsabiqələri olmasaydı, xanəndələr yetişməsəydi tar-kamança ifaçıları da bu qədər yetişməyəcəydi. Bu isə bizim musiqimizin qələbəsi deməkdir.

Əməkdar artist Kamran Kərimov: – Əvvəla Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə bütün naxçıvanlıları təbrik edirəm. Dünənki konsert proqramından sonra bu gün ustad dərsləri keçildi. Burada çox istedadlı, diqqətcil tələbələrlə görüşdük. Xüsusi qeyd edim ki, hər bir bölgənin özünəxas gözəl, xoş cəhətləri var. Naxçıvanlılar haqqında onu deyə bilərəm ki, istər bu dəfəki, istərsə də bundan əvvəl verdiyimiz konsertlərdəki nəzərimdən o qənaətə gəldim ki, naxçıvanlılarda musiqi duyumu çox gözəl formalaşıb və bu bizə zövq verdi.

 Aidə İBRAHİMOVA

Nəşr edilib : 23.05.2024 17:03