AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

İkitərəfli görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq universitetdə görməkdən məmnunluq duyduğunu ifadə edib. Rektor bildirib ki, konservatoriya 11 dekabr 1998-ci ildə universitetin elmi şurasının qərarı ilə yaranıb. Vurğulanıb ki, fakültədə fəaliyyət göstərən tələbə və müəllimlərdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblı, eyni zamanda müxtəlif tərkibli ansambllar, “Mahur” rəqs qrupu, xor, Şən və Hazırcavablar klubu, Tələbə Teatr Studiyası tələbələrin bacarıq və istedadlarını üzə çıxarmağa geniş imkanlar yaradır. Elbrus İsayev diqqətə çatdırıb ki, burada dərs deyən müəllimlərin və tələbələrin təcrübi bazasını möhkəmləndimək məqsədilə paytaxtdan və eyni zamanda xarici ölkə universitetlərindən müəllimlər, peşəkar musiqiçilər dəvət olunur.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Bəstəkar, Xalq Artisti, professor, Siyavuş Kərimi qeyd edib ki, ulu öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli qərarı ilə “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında xüsusi fərman verilib. Vurğulanıb ki, Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə peşəkar musiqiçilər, dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində ən öndə olan görkəmli  şəxsiyyətlərdən ibarətdir.

Sonra hər iki tərəf arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb. Əməkdaşlıq protokolunda hər iki tərəf arasında musiqi sənəti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, tədris-metodiki vəsaitlərin hazırlanması, müxtəlif aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib hazırlanması, müxtəlif aktual mövzular üzrə birgə konfrans, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, müəllimlərin və tələbələrin zəruri ixtisaslar üzrə bilik və bacarıqlarının artırılması üçün müvafiq tədris kurslarına, təlimlərə qarşılıqlı cəlb edilməsi, aparıcı professor-müəllim heyətinin müvafiq təlim- tədris proseslərində mühazirə, seminar və laboratoriya dərslərinin aparılmasına qarşılıqlı cəlb olunması məsələləri öz əksini tapıb.

Səadət ƏLİYEVA

Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 29.11.2023 16:36