AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb

Bu məqsədlə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, belə görüşlərin gələcəkdə hər iki tərəf üçün verəcəyi perspektivləri qeyd edib, dünya təcrübəsində bu cür işbirliklərinin hər iki tərəf üçün verdiyi perspektivləri önə çəkib.

Yeni yaradılmış “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fuad Əlizadə qeyd edib ki, fəaliyyət göstərdiyi şirkət çoxprofilli olmağı ilə fərqlənir və  inşaat, kənd təsərrüfatı, otelçilik və qida sektorları olmaqla 4 əsas sahəni əhatə edir. Şirkətlər qrupunun başlıca missiyası iqtisadiyyatın qeyri-neft bölməsində düşünülmüş investisiya qoyuluşu edərək, ölkəmizdə artan investisiya tələbatının qarşılanmasına töhfə vermək, müasir texnologiya və innovativ həllərin tətbiqini, müştəriyə yönəlik xidmət konsepsiyasını təşviq etməkdir.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri nəzərə alınmaqla Naxçıvan Dövlət Universitetinin innovativ inkişafını dəstəkləyən qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, bu əməkdaşlıq akkreditasiya qaydalarına uyğun olaraq nəticələrə  əsaslanan universitet-sənaye əməkdaşlığının yaradılmasına  dəstək, tədqiqat, təlim, innovasiya, texnoloji inkişaf və potensialın gücləndirilməsi vasitəsilə ali təhsil üzrə kadr hazırlığı səviyyəsini artırmaq və təkmilləşdirmək, regionların dayanıqlı inkişafına dəstək məqsədilə müxtəlif əməkdaşlıq təşəbbüslərinin yaradılması üçün mexanizm yaratmaq və vasitələrlə təmin etmək məqsədilə yaradılıb. 

Elbrus İsayev universitet adından təşəkkürnaməni Fuad Əlizadəyə təqdim edib.

Səadət ƏLİYEVA

Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 09.02.2024 09:58