AZ EN RU

Naxçıvan Dövlət Universiteti ilə ABİS Texnologiya şirkəti arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb

    Azərbaycan ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universiteti ilə ABİS Texnologiya şirkəti arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb. Universitetin rektoru, dosent Elbrus İsayev ikitərəfli görüşdə ABİS Texnologiya şirkətinin rəhbəri, Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlını salamlayıb, bugünkü görüşün universitetin professor-müəllim heyəti üçün əhəmiyyətli olduğunu vurğulayıb. 

    Professor Adəm Kalınlı qeyd edib ki, Türkiyə və Azərbaycan arasında elm sahəsində birgə əməkdaşlıq Naxçıvan Dövlət Universitetindən başlamaqla bütün Azərbaycan ali təhsil müəssisələrini də əhatə edəcək. Vurğulanıb ki, bu gün əsası qoyulan birlik bütün Türk dünyası elm adamlarının birgə fəaliyyətinə şərait yaradacaq. 
    Sonra ABİS texnologiya şirkəti ilə Naxçıvan Dövlət Universiteti arasında beynəlxalq əməkdaşlığa dair protokol imzalanıb. Ali təhsil müəssisələri üçün tədqiqatları və sistemləri ilə tanınan, Türkiyənin bir çox aparıcı universitetlərinə xidmət göstərən şirkət ilə ali təhsil müəssisəsi arasında əməkdaşlıq prinsiplərini əhatə edən protokolda elmi nəşrlərin daim diqqətdə saxlanması, nüfuzlu elmi bazalarda məqalə nəşr edən alimlərin elmi platformaya birgə çıxışının təmin edilməsi, professor-müəllim heyətinin dünya elminə inteqrasiya olunacaq məqalələrinin vahid platformada birləşdirilməsi məsələləri qeyd olunub. Eyni zamanda protokolda beynəlxalq universitetlərin reytinq sistemləri, ali təhsildə tədqiqatların idarə edilməsi, davamlı inkişaf araşdırmaları, açıq arxiv və elmi tədqiqatları, təşkilatın fəaliyyətini artırmaq üçün strategiyalar və təcrübələr, sənaye 4.0 üçün universitet təhsili məsələləri də öz əksini tapıb. 
    Professor Adəm Kalınlının ali təhsil ocağında keçdiyi təlimlərdə iştirak edən bir qrup müəllimlərə sertifikat təqdim olunduqdan sonra rektor qonağa hədiyyə təqdim edilib. 
    Qeyd edək ki, protokol çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlı Naxçıvan Dövlət Universitetinin müəllimləri üçün təlim keçib. 3 gün ərzində təşkil olunan təlim “Ali təhsil sistemində datalara əsaslanan idarəçilik strategiyası”, “Naxçıvan Dövlət Universitetində elmi fəaliyyət planının istiqamətləri”, “Qlobal dəyişikliklər və 4.0 sənaye inqilabı üçün universitet təhsili” mövzularını əhatə edib. 

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 01.05.2023 19:07