AZ EN RU

Naxçıvan Dövlət Universiteti Erasmus + proqramının DIRNA layihəsində

Naxçıvan Dövlət Universiteti beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Erasmus + proqramının “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsinə qoşulub.

Xəzər Universitetinin koordinatorluğu və ev sahibliyi ilə keçirilən açılış tədbirində Azərbaycan və Avropa ali təhsil müəsisələrindən nümayəndələr iştirak edib. Qeyd edək ki, layihəyə 8 Azərbaycan və 3 Avropa universiteti daxildir. Azərbaycandan olan tərəfdaş ali təhsil müəssisələri Xəzər Universiteti (koordinator), Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Avropadan olan tərəfdaş ali təhsil müəssisələri isə İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə), Jyvaskyla Universiteti (Finlandiya), L’Aquilla Universitetidir (İtaliya).

2023-2026-cı illəri əhatə edən layihənin məqsədi tərəfdaş Avropa universitetlərinin  təcrübə və standartlarının öyrənilməsi və tətbiqi əsasında keyfiyyətli elmi tədqiqatın üzə çıxması və idarə olunmasını təkmilləşdirməklə yanaşı tədqiqat nəticələrinə açıq çıxışı dəstəkləmək, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı təşviq və təşkil etməkdən ibarətdir.  

Nəzərinizə çatdıraq ki, açılış tədbirində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri İlahə Hüseynova və NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova iştirak edib. Tədbirdə NDU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri İlahə Hüseynova geniş təqdimatla çıxış edib.

İki gün davam edən görüşdə tərəfdaş universitetlərin layihədəki rolu və onların fəaliyyəti, layihənin inkişafı ilə bağlı nəzərdə tutulan məsələlər müzakirə edilib.

Nəşr edilib : 11.10.2023 11:51