AZ EN RU

Naxçıvan Dövlət Universiteti ENACTUS milli yarışında uğurla təmsil olunub

    Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2022 Enactus Azərbaycan Milli Yarışı uğurla başa çatıb. Bakı Konqres Mərkəzində keçirilən final mərhələsində Naxçıvan Dövlət Universitetinin ENACTUS komandası Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universiteti komandaları ilə mübarizə aparıb və ən yüksək nəticə ilə ilk 3 komanda arasında fərqlənməyi bacarıb. Komandamızın “Termobee”, “Green­touch” layihələri münsiflər heyəti və tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb və II yerə layiq görülüb. 
    Finalda müxtəlif dövlət qurumlarının yüksək vəzifəli şəxslərindən və iri sahibkarlıq subyektlərinin təmsilçilərindən təşkil olunmuş  münsiflər qarşısında uğurla çıxış edən komandamız kubokla təltif edilməklə bərabər, sonrakı mərhələlərdə Enactus qlobal platformalarına daxil olan müxtəlif müsabiqələrdə ölkəmizi təmsil etmək hüququ qazanıb. Həmçinin komandamızın üzvlərindən olan Uğur Məmmədov isə ən yaxşı illik hesabat tərtib edən ENACTUS üzvü kimi xüsusi nominasiya üzrə mükafatlandırılıb. Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.
    Qeyd edək ki, yarışın yarımfinal mərhələsinə ən yüksək xalla (177 balla) öz adını yazdıran komandamız 18 ali təhsil müəssisəsinin komandası arasından seçilərək finala vəsiqə qazanıb.  
    Məlumat üçün onu da bildirək ki, 1975-ci ildə ABŞ universitetləri tərəfindən əsası qoyulan ENACTUS platformasında 2008-ci ildən iştirak edən komandamız bu günədək qatıldığı yarışlarda 3 dəfə ölkə universitetləri arasında ən yüksək nəticəyə nail olub. 2011-ci ilin may ayında Bakı şəhərində keçirilən ENACTUS (SİFE) VI Respublika Çempionatında da Naxçıvan Dövlət Universitetinin komandası I  yerə layiq görülüb, ikinci dəfə ölkə çempionu kimi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmiş SİFE dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıb. 2012 və 2013-cü illərdə komandamız milli çempionatda 3-cü yerə layiq görülüb. 2014-cü ildə yenidən Azərbaycan çempionu olan Naxçıvan Dövlət Universiteti ENACTUS (SİFE) komandası ölkəmizi Çində keçirilən dünya çempionatında layiqincə təmsil edib.

Naxçıvan Dövlət Universitetinin televiziya, mətbuat və ictimaiyyətlə
 əlaqələr bölməsi 

Nəşr edilib : 20.07.2022 20:45