AZ EN RU

Naxçıvan Dövlət Universiteti dünya universitetlərinin reytinqinə (World University Rankings 2023) növbəti dəfə adını yazmağı bacarıb

    Naxçıvan Dövlət Universiteti Böyük Britaniyanın “Times Higher Education” nəşri üzrə dünya universitetlərinin reytinqində yer alıb. 104 ölkə və region üzrə 1799 universitetin qatıldığı reytinq sıralamasında bu il 15, 5 milyondan çox tədqiqat nəşri üzrə 121 milyondan çox sitat təhlil edilib və dünya üzrə 40000 alimin sorğu cavabları daxil olunub. Reytinqin ilk onluğu dünyanın ən nüfuzlu universitetlərindən təşkil olunub.  Sıralama cədvəlinin hazırlanmasında tədqiqat, idarəetmə, təbliğat və tədris olmaqla, 4 sahə üzrə universitetlərin göstəriciləri nəzərə alınıb. Reytinqin təyin edilməsində  universitetlərin elm strategiyası, keyfiyyət göstəriciləri, beynəlxalq əlaqələri, əcnəbi tələbələrin sayı, alimlərin elmi nəşrləri əsas rol oynayıb. 
    Qeyd edək ki, “Times Higher Education” şirkəti dünyanın 93 ölkəsindən 2500 universitet ilə əməkdaşlıq edir və ali təhsil məkanında rəqabətliliyi formalaşdırır. Bu sistem üzərindən universitetlərin dünyada yeri, seçimi, keyfiyyəti və tanınması təmin olunur. Şirkətin sıralamasında yer alan universitetlərin diplomlarının xarici ölkələrdə tanınması prosesi avtomatlaşdırılır. 
   Məlumat üçün onu da bildirək ki, Naxçıvan Dövlət Universiteti Elm və innovasiyalar bölməsinin müdiri, təhsilin idarəolunması təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru, Bələdiyyə və turizm kafedrasının dosenti Rza Məmmədov ABŞ-ın Nyu-York şəhərində “Times Higher Education” şirkətinin təşkilatçılığı və Nyu-York Universitetində keçirilən dünya akademik sammitində ali təhsil ocağını təmsil edib. Sammitə 75 ölkədən 400-dən çox universitet və beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Tədbir ərəfəsində Rza Məmmədov “Times Higher Education” şirkətinin baş redaktoru Phill Baty ilə görüşüb. Qeyd olunub ki, bu gün Dünya Akademik Sammitində müzakirə olunan mövzuların bir çoxu Naxçıvan Dövlət Universitetində artıq həyata keçirilməkdədir. Ali təhsil ocağında elmi dərəcəli kadrların yetişdirilməsində və sahibkar universitet olma yolunda aparılan fəaliyyət  diqqətə çatdırılıb.
    “Times Higher Education” şirkətinin birgə əməkdaşlığa hazır olduğunu qeyd edən Phill Baty universitetdə keyfiyyətin təşkili, beynəlmiləlləşmə, tədqiqat və doktorantura təhsili istiqamətlərində mübadilə və strateji əməkdaşlığın hər iki qurum üçün faydalı olacağına əminliyini ifadə edib.
    Qeyd edək ki, cari ilin iyun ayında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyanın Naqoya şəhərində nüfuzlu Asiya Universitetlərinin sammitində iştirak edib. Onu da bildirmək yerinə düşər ki, Naxçıvan Dövlət Universiteti Qafqaz regionundan bu sammitə qatılan ilk ali təhsil müəssisəsidir.

Səadət Əliyeva

Nəşr edilib : 14.10.2022 20:48