AZ EN RU

Naxçıvan Dövlət Universiteti dünya universitetləri sıralamasında irəliləyib

    Mərkəzi Böyük Britaniyada yerləşən “Times Higer Education”  universitetlərin beynəlxalq nüfuzunu müəyyənləşdirən dünyanın ən böyük reytinq şirkətidir. Bu şirkət dünyanın 93 ölkəsindən 2500 universitet ilə əməkdaşlıq edir və ali təhsil məkanında rəqabətliliyi formalaşdırır. Bu sistem üzərindən universitetlərin dünyada yeri, seçimi, keyfiyyəti və tanınması təmin olunur. Şirkətin sıralamasında yer alan universitetlərin diplomlarının xarici ölklərdə tanınması prosesi avtomatlaşdırılır. Sıralama cədvəlinin hazırlanmasında 4 sahə (tədqiqat, idarəetmə, təbliğat və tədris) üzrə universitetlərin göstəricilərindən istifadə edilir. 
    Bu günlərdə “Times Higher Education” 2022-ci il üçün “THE Impact Ranking” reytinq siyahısını açıqlayıb.  Ötən il olduğu kimi, bu il də Naxçıvan Dövlət Universiteti dünya universitetləri sıralamasında yer alıb. Universitetin elm strategiyası və müəyyən olunmuş məqsədlərə doğru tərəfdaşlıq, qabaqcıl təcrübələrin təşviqi və təbliğatı bu uğurda mühüm rol oynamışdır. Həmçinin bu sıralamada universitetin keyfiyyət göstəriciləri, beynəlxalq əlaqələri, əcnəbi tələbələrin sayı, alimlərin elmi nəşrləri bu uğurların davamlılığını təmin etməkdədir.
    Universitetin “Times Higer Education” ilə başlayan qısa tarixli əməkdaşlığından sonra universitetin davamlı inkişaf dinamikası sürətlə artmışdır.  
    Qeyd edək ki, respublikamızdan Naxçıvan Dövlət Universiteti ilə yanaşı 6 universitetdə (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,  Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti) bu siyahıda yer alıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 16.05.2022 19:45