AZ EN RU

Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Türkiyədə qastrol səfərində olub

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi iyul ayının 13-dən 17-dək Türkiyədə qastrol səfərində olub. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevin türkiyəli dramaturq Mehmet Ümit Görgülünün “Cibimizdəki cənnət” əsəri əsasında hazırladığı “Cibimizdəki dəlilik” psixoloji komediyası ilə qastrola çıxan kollektiv qardaş ölkənin Ege bölgəsində, Sardes, Foça və İzmir şəhərlərində tamaşanı teatrsevərlərə təqdim ediblər. Bundan başqa, kollektiv antik dövrdə teatrın yarandığı iddia edilən Sardesdə keçirilən VIII Beynəlxaq Dionis Teatr və Təlim Düşərgəsinə də qatılıb. Burada Azərbaycanı təmsil edən yeganə teatr kollektivinin aktyorları türkiyəli mütəxəssislər tərəfindən teatrla bağlı təşkil olunan təlimlərdə iştirak edib və teatrın direktor müavini Səməd Canbaxşiyev Naxçıvan teatrının tarixi, yaradıcılıq ənənələri və bu günü ilə bağlı iştirakçılara geniş məlumat verib. 
    Sardesdəki açıq hava altındakı meydanda Azərbaycan folklorunun nümunələri olan “Kos-kosa” oyunu, “Xınayaxdı” mərasimi və “Tənzərə” yallısı ilə tamaşaçılar qarşısında çıxış edən kollektiv qədim türk folklorunun Azərbaycanda bu gün də yaşadıldığını göstərib. Oyundan sonra yerli tamaşaçılar bu cür ənənələrin bir zamanlar onlarda da olduğunu, lakin artıq unudulduğunu vurğulayıblar. Milli ənənəni yaşatdıqları üçün Naxçıvandan olan aktyorlara təşəkkür ediblər. 
     Eyni zamanda əsərin müəllifinin doğulduğu Foçada və Türkiyənin teatr şəhəri sayılan İzmirdə təqdim edilən tamaşalar seyrçilər tərəfindən maraqla və ayaq üstə alqışlarla qarşılanıb. 
    Tamaşalardan sonra çıxış edən türkiyəli dramaturq Mehmet Ümit Görgülü Naxçıvan Teatrının kollektivinə əsərinin peşəkar səviyyədə və yüksək ustalıqla hazırlayıb təqdim etdiklərinə görə təşəkkürünü bildirib. 
    Qeyd edək ki, Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” əsərinin rejissoru, musiqi tərtibatçısı və baş rolunun ifaçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisi Səməd Canbaxşiyev, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada rolları isə teatrın gənc aktyorları Məmməd Mehdiyev, Ələsgər Quliyev, Uğur Nəsirli, Mehri Nəbiyeva, Ləman Vəliyeva, Vəfa Qurbanova, Mirqabil Əkbərov, Amil Yusifov və Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov ifa edirlər. 

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.07.2023 11:28