AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivləri Ərzurum şəhərində qastrol səfərində olublar - FOTOLAR

2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi ili əlaqədar Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə martın 10-da Atatürk Universitetində Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasında rəngarəng musiqi proqramı və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin təqdimatında tamaşa təqdim olunmuşdur. 
Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının təqdimatında çex yazıçısı Karel Çapekin “Ana” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, rejissor assistenti isə Səyyad Məmmədovdur. Tamaşada Zəminə Məmmədova, Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, Ələsgər Quliyev, gənc aktyorlardan Səyyad Məmmədov, Məmməd Mehdiyev, Uğur Nəsirli və Nurlan Sultanlının yaratdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 
Daha sonra Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasında konsert proqramı təqdim olunmuşdur. Bədii-rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, dirijorları Cahangir Qurbanov və Elvin Əliyarov olan və 1 saat 30 dəqiqədən çox davam edən konsert proqramında Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova, Tural Bağırov, gənc və istedadlı müğənnilər Nərmin Hüseynova və İlkin Abdullayevin ifasında təqdim olunan xalq mahnıları və Azərbaycan bəstəkarlarının bir-birindən gözəl və rəngarəng musiqi nömrələri, həmçinin rəqs kollektivlərinin maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.03.2022 19:33