AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Ansamblı konsert proqramı ilə çıxış edib

Yeni yaradılan ansamblın 23 dekabrda Naxçıvan Dövlət Milli Dram Teatrında təqdim etdiyi möhtəşəm konsert proqramında səslənən bir-birindən dəyərli musiqi nömrələri tamaşaçılar üçün yaddaqalan olub. Azərbaycan Respublikasının Əməkdar artisti Teymur Əmrahın layihə rəhbəri olduğu konsert proqramında əvvəlcə Tofiq Quliyevin “Naxçıvani”  mahnısı ifa olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, Nərmin Hüseynova Müslüm Maqomayevin, Emin Sabitoğlunun, Cahangir Cahangirovun, Ramiz Mirişlinin, Oktay Kaziminin, Sərxan Sərxanın, Elza İbrahimovanın və digər bəstəkarların ölümsüz mahnılarını səsləndiriblər. Böyük şövq və istəklə təqdim edilən ifalar tamaşaçıların gur alqışları ilə müşayiət olunub.

    Sonra səhnəyə çıxan layihə rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti Teymur Əmrah Naxçıvan torpağının yetirdiyi dahi şəxsiyyətlərin ölkəmizin mədəniyyətinə qazandırdığı töhfələrdən danışıb.
    Əməkdar  artist bir-birinin ardınca repertuarında yer alan, dillər əzbəri olan “Bir uzaq yaşıl ada”, “Bağışla”, “Əlvida”, “Gecələr bulaq başı” mahnılarını ifa edib. Bənzərsiz səsi, özünəməxsus təqdimatı olan müğənninin ifası dinləyicilərə xoş anlar yaşadıb. Sonda Teymur Əmrah naxçıvanlı tamaşaçılara göstərdikləri sevgi və qonaqpərvərliyə görə təşəkkür edib.
    Konsert Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfovun  ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.
    Qeyd edək ki, çoxsaylı müraciətlər nəzərə alınaraq Naxçıvan Dövlət Filarmoniyasının  Estrada Ansamblının dekabrın 27-də eyni məkanda  ikinci konserti təşkil olunacaq.

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.12.2022 22:22