AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyasının Culfa rayonunda konserti keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına əsasən Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında konsert proqramlarının təşkili davam edir.

Aprelin 27-da Culfa Rayon Mədəniyyət Sarayında təşkil olunan konsertdə Ümummilli liderin sevdiyi, bəstəkarlar tərəfindən ona həsr edilən mahnılar ifa edilib.

Ələkbər Tağıyevin  “El yolunda” mahnısı ilə başlanan konsertdə bir-birinin ardınca səsləndirilən “Alagöz”,“Küçələrə su səpmişəm”, “O Naxçıvandır”, “Yaşa, mənim xalqım”, “Mənim Azərbaycanım”, “Xudayar təsnifi”, “Azərbaycan oğluyam” mahnıları,  “Qaval”, “Naz eləmə” rəqsləri tamaşaçılarda xoş ovqat yaradıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Zülfiqar Mahmudov, Xatirə Səfərova, Filarmoniyanın solistləri Nərmin Hüseynova, Bəhruz Quliyev, Cəfər Tağıyev tərəfindən ifa edilən əsərlər Əməkdar artist Zeynalabdin Babayevin bədii rəhbəri olduğu Mahnı və Rəqs ansamblının müşaiəti ilə təqdim olunub.

Rayon ictimaiyyəti tərəfindən izlənilən konsert alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.04.2023 10:07