AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilib

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 iyul tarixli Qərarı ilə Naxçıvan Dövlət Filarmoniyasının professional musiqi kollektivi kimi formalaşdığını, peşəkar musiqi sənətinin yaşadılmasında xidmətlərini və uğurlu  fəaliyyətini nəzərə alaraq dövlət filarmoniyasına “muxtar respublika” statusu verilib.
   Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Aləm Bağırov qeyd edib ki, Naxçıvan Dövlət Filarmoniyası 1983-cü ildə Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyətə başlayıb və zəngin yaradıcılıq yolu keçib. Dövlət Filarmoniyasının tərkibində Kamera Orkestri, Xalq Çalğı Alətləri Orkestri, Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və digər struktur bölmələr də nəzərə alınmaqla 200-ə yaxın sənət adamı fəaliyyət göstərir. Ötən dövrdə dövlət filarmoniyası Azərbaycan Respublikasının müxtəlif rayonlarında və bir sıra xarici ölkələrdə keçirilən mədəni tədbirlərdə, eyni zamanda muxtar respublikada təşkil edilən dövlət səviyyəli konsertlərdə və tədbirlərdə uğurlu çıxışlar edərək tamaşaçıların geniş rəğbətini qazanıb. 
    Vurğulanıb ki, Naxçıvan Dövlət Filarmoniyasının professional musiqi kollektivi kimi formalaşdığını, peşəkar musiqi sənətinin yaşadılmasında xidmətlərini və uğurlu fəaliyyətini nəzərə alaraq dövlət filarmoniyasına muxtar respublika statusunun verilməsi qərara alınıb. Eyni zamanda filarmoniya əməkdaşlarının aylıq vəzifə maaşlarına müvafiq dərəcə diapazonuna uyğun olaraq əlavə ödəniləcək. 
    Aləm Bağırov Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarını diqqətə çatdırıb.
    Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov qeyd edib ki, Naxçıvan Dövlət Filarmoniyası muxtar respublikanın mədəni-kütləvi tədbirlərində həmişə zəngin repertuarla çıxış edir. Filarmoniya əməkdaşlarının fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilməsi ilə bağlı qərar Filarmoniyanın kollektivinin əməli fəaliyyətinə verilən ən böyük qiymətdir və onların bundan sonrakı fəaliyyəti üçün böyük stimul olacaq. 
    Həsən Kərimov Naxçıvanda mədəniyyətin hərtərəfli inkişafına, Dövlət Filarmoniyasının fəaliyyətinə göstərilən xüsusi diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. 
    Filarmoniyanın direktoru Ülvi Əhmədov verilən qərarı Filarmoniyanın 40 illik yubileyinə böyük töhfə kimi qiymətləndirib. Eyni zamanda Naxçıvan Dövlət Filarmoniyası kollektivinin üzərinə düşən məsuliyyətin daha da artırıldığını deyən direktor bundan sonra da muxtar respublika əhalisinə yüksək səviyyəli mədəni xidmət göstərmək, milli mədəniyyətin və incəsənətin  inkişafına töhfə vermək yolunda əzmlə çalışacaqlarını diqqətə çatdırıb. 
    Naxçıvan Dövlət Filarmoniyasının əməkdaşları onların sosial müdafiəsinin gücləndirilməsi, filarmoniyanın işinə göstərilən xüsusi diqqətə görə dövlətimizə minnətdarlıq ediblər. 
    Çıxış edənlər Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilməsi ilə  bağlı kollektivi təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıblar. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 24.07.2023 12:09