AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyası Türkiyənin Ordu şəhərində konsert proqramı ilə çıxış edib

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Türkiyənin Ordu şəhərində “İki dövlət, bir millət” adlı konserti baş tutub. 
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki,  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməsinin 106-cı ildönümünə həsr olunan konsert proqramı Ordu Mədəniyyət Sənət Mərkəzində təşkil edilib. Konsert başlanmadan öncə ölkəmizin Qars şəhərindəki baş konsullu Nuru Quliyev və Milli Məclisin deputatı Cəbi Quliyevin çıxışları dinlənilib.
Musiqili gecədə Müslüm Maqomayevin “Azərbaycan”, Fikrət Əmirovun “Reyhan”, Aytən Alpmanın “Məmləkətim”, Üzeyir Hacıbəyovun “Çırpınırdın, Qaradəniz”, Emin Sabitoğlunun “Həyat bizimdir”, Elza İbrahimovanın “Ey Vətən”, Xanım İsmayılqızının “Dahi”, Kamalın “Xalq Heydər deyəcək”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə”, Ramiz Mirişlinin “Səadət” mahnıları, eləcə də xalq və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib. Filarmoniyanın solistləri-Emin Hüseynov, Nərmin Hüseynova, Bəhruz Quliyev, Əfsanə Babayeva tərəfindən səsləndirilən əsərlər qardaş ölkənin sənətsevərləri tərəfindən alqışlarla qarşılanıb.

Nəşr edilib : 12.05.2024 21:00