AZ EN RU

Naxçıvan cüdoçularından növbəti nailiyyət – bir idmançımız çempion olub

Azərbaycan Respublikasının Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə məktəblilərin cüdo üzrə respublika çempionatı keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində reallaşan yarışda paytaxt və regionlardan 145 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çempionata Naxçıvan Güləş Federasiyasının baş məşqçisi Orxan Quliyev və Şərur bölməsinin məşqçisi Samir Məmmədovun rəhbərliyi altında 8 idmançı qatılıb. Cüdoçularımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. 

Təmsilçilərimizdən ən yaxşı nəticəyə 46 kiloqram çəkidə çıxış edən Adəm Nağıyev müvəffəq olub. Maraqlıdır ki, Adəm finalda digər muxtar respublika idmançısı İsmayıl Şükürovla keçirdiyi həlledici final görüşünü qalib kimi tamamlayaraq qızıl medala sahib çıxıb. İsmayıl ikinci yerə layiq görülüb. Bu ayın əvvəlində 15 yaşa qədər qızlar arasında ölkə birincisi olan Ləman Bağırova (28 kiloqram) növbəti dəfə mükafatçılar sırasına düşə bilib – bu dəfə bürünc medalçı kimi. Davud Məmmədzadə isə 34 kiloqram çəkidə üçüncü olub.


Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.06.2024 09:55