AZ EN RU

Naxçıvan bugünkü reallıqlarını əbədi salnaməyə çevirən dəyərli mənbələr

“Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”deyən ümummilli liderin siyasi yolunun uğurla davam etdirilməsi Naxçıvanı əsl çiçəklənən diyara çevirib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını məqsədyönlü şəkildə davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm” – səsləndirdiyi fikirlər Heydər Əliyevin siyasətinə dərin sədaqəti mövcud reallıqla dolğun şəkildə ifadə edib. Bu gün Heydər Əliyev siyasi kursuna münasibət sözlə əməlin, konkret işin vəhdəti baxımından canlı örnəyə çevrilib. Bu gün Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsasları yaradılıb. Naxçıvanda baş verən böyük yeniləşmə və inkişaf prosesləri həmin zəmin üzərində ucalıb. Naxçıvanın bütün bölgələri, sərhəd kəndləri inanılmaz dərəcədə müasirləşib. Qədimliyini, tarixiliyini qorumaqla müasirliyə doğru irəliləyən muxtar respublikanın paytaxtı kimi bütün rayon və kəndlərində həyata keçirilən sosial- iqtisadi islahatlar, inşa olunan obyektlər, təhsil, səhiyyə ocaqları əhaliyə xidmət edir. Uğurla nəticələnən islahatlar əhalinin həyat şəraitinin yaxşılaşmasına, sahibkarlığın genişlənməsinə töhfələr verir. Bu gün muxtar diyarımızda görülən möhtəşəm işlər böyük əzmkarlıqla gərgin, ardıcıl və səmərəli fəaliyyət sayəsində qazanılan uğurlu yolun nə qədər düzgün olduğunu təsdiq etdi.  Siması dəyişilən, müasirləşən, abadlaşan Naxçıvanın inkişafı, muxtar respublikada davam etdirilən quruculuq işləri ulu məskənə gələnləri heyran edir.

Bu ilin yanvar ayında muxtar diyarımıza səfər edən Azərbaycan Respublikasının Əməkdar jurnalisti, “Tərəqqi” medallı, “Azərbaycan” qəzetinin baş redaktor müavini İxtiyar Hüseynli və  qəzetin Parlament və siyasət şöbəsinin redaktoru Rəşad Cəfərlinin Naxçıvanla təəssüratlarını doğma qəzetimiz “şərq qapısı”, “Azərbaycan” qəzeti və bir çox mənbələrdə oxuduq. Bu yazıda isə müəllifi İxtiyar Hüseynli və Rəşad cəfərli olan “Naxçıvanın inkişaf modeli” adlı kitab səhifələrində hər iki müəllifin böyük sevgiylə, dərin ehtiramla, nikbin ruhla, fərəhlə qələmə aldığı “Naxçıvanın inkişaf modeli” kitabına nəzər salacağıq. Qeyd edək ki, İxtiyar Hüseynlinin yaxın günlərdə Bilik Fondu tərəfindən nəşr edilən “Naxçıvan gerçəklikləri” kitabı müəllifin “Naxçıvanın inkişaf modeli” kitabında yerləşdirilən məqalələr toplusudur. Muxtar respublikamızın fəallığına real münasibət bəslənərək qələmə alınan məqalələr “Naxçıvan gerçəklikləri” adlı kitabda əbədiləşdirilərək dəyərli akademikimiz İsa Həbibbəylinin ön sözü ilə ərsəyə gəlib.  “Elm və təhsil” nəşriyyat poliqrafiya müəsissəsi tərəfindən çap olunan kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müasir inkişafının mühüm istiqamətləri, genişmiqyaslı quruculuq prosesi və bu diyarın əsas nailiyyətləri işıqlandırılıb. Publisistik janrda, araşdırma üslubunda, səfər qeydləri kimi qələmə alınan məqalələr toplusu olan hər iki kitab gələcək nəsillərə ünvanlanan böyük bir salnamədir.

Ulu öndər Heydər Əliyevin “Mən üç il Naxçıvanda yaşamağımı və muxtar respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm.” – kimi dəyərli fikirləri ilə başlayan “Naxçıvan gerçəklikləri” kitabının ilk səhifələrində dahi şəxsiyyət Heydər Əliyevin, onun davamçısı İlham Əliyevin və cənab Vasif Talıbovun foto-şəkilləri əks olunur. Yüksək poliqrafik keyfiyyətlə nəşr edilən kitabın ön söz müəllifi Akademik İsa Həbibbəyli kitab haqqında qələmə aldığı məqalədə qeyd edilib: “ kitabboyu təsvir edilən bütün hadisələrin və faktların içərisindən qırmızı xətt kimi keçən “Etimada sədaqətlə xidmət etmək” motivi “Naxçıvan gerçəklikləri”nin nəzər nöqtəsi kimi təqdim etdiyi obyektiv reallığın ifadəsidir… Bu, İxtiyar Hüseynlinin kəşf etdiyi və şərh etidyi Naxçıvan haqqında orjinal müəllif yanaşmasıdır. “Naxçıvan gerçəklikləri” kitabı böyük ənənələr diyarı olan Naxçıvanın tarixi inkişafı yolunun publisist salnaməsi, müasir həyatının və böyük gələcəyinin bələdçisidir.

Müəlifin Naxçıvanla bağlı təəssüratlarını qələmə aldığı məqalələr toplusu olan hər iki kitabda İxtiyar Hüseynli Naxçıvan səfəri ilə bağlı qeydlərinin kitab halında nəşrinin təklif və  məqsədindən bəhs olunub.

“Naxçıvanın inkişaf modeli”  başlıqlı məqalədə qədim yurdun müasir siması, modern quruculuğu, səmərəli islahatlarından bəhs edən müəllifin diyarımızla bağlı qələmə aldığı “mistika ilə gerçəkliyi, ənənələrlə modernliyi, əzmkarlıqla nailiyyəti, zəhmətlə nəticəni, gedilən yolun uğur hesabatı ilə sabahın düzgün hədəflərini ləyaqətlə birləşdirən göz bəbəyimiz… Nuhçıxandayıq, Nəqşi-cahandayıq, Naxçıvandayıq, muxtar respublikadayıq”  təəssüratları insanı qürurlandırır.  “Vaxtilə çıraq işığında oturan, üşüyən Naxçıvan indi enerji ixracatçısıdır” – deyən müəllif  bu məqalədə Naxçıvanın bütün şəhər və kəndlərində yüz faiz işıqla təmin olunduğunu, hətta elektrikin xaricə ixrac olunduğunu böyük həyəcanla oxucuya çatdırır. Bəlkə də bu biz naxçıvanlılar üçün adi haldır. Lakin bir neçə saatdan bir işıqla təmin edilən insanlar üçün bu qibtəolunan, həsəd aparılan və təqdirəlayiq bir hadisədir. İxtiyar Hüseynlinin də dediyi kimi, çıraqdan enerji ixracatına keçilən yol bəlkə də  möcüzə sayıla bilər… Məqalədə qeyd olunur ki, Əgər 2003-cü ildə muxtar respublikada cəmi 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, ötən ildə bu göstərici 11-ə çatdırılıb! Naxçıvan uğur göstəricilərində modern innovasiyalara əsaslanmasa, Prezidentin təbirincə desək, rekordsmenlik göstərməsə, Naxçıvan olmaz axı: elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternative və bərpaolunan enerji mənbələri hesabına ödənilir!”

Hər iki jurnalistin müəlliflik etdiyi “Naxçıvanın inkişaf modeli” adlı kitabda yerləşdirilən “Müasir və yüksək döyük imkanlarına malik olan hərbi güc” sərlövhəli məqalədə Əlahiddə Ümumqoşun  Ordunun respublikamızda həyata keçirilən hərbi quruculuğun əm mükəmməl nümunələrindən biri olduğunu qələmə alan müəllif  Rəşaf Cəfərli Ulu öndərin yaratdığı ordudan, ümummilli liderin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərdən, Naxçıvanın xüsusi təyinatlılarının Vətən müharibəsində yazdığı şanlı tarixdən, əsgərlərin məişət şəraitindən bəhs edir. Həmin sərlöhfədə yer alan “Naxçıva Döyüş Şöhrəti Muzeyi” altbaşlıqlı məqalədə isə müəllif  bu muzeyin yaradılmasıməqsədindən, nümayiş olunan eksponatlardan danışır. Müəlifin “Naxçıvanın inkişaf modeli” kitabında yer alan “Naxçıvan Turizmi” adlı məqalədə isə təbii sərvətlər muzeyi olan Naxçıvanın böyük turizm potensialından bəhs olunur. Məqalədə yazılır: Təbiət bu ulu diyarımızdan öz səxavətini, təbii gözəlliklərini əsirgəməyib. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, mineral suları, təbii sərvətləri, o cümlədən, zəngin maddi və mədəni irsi, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizm in inkişafını şərtləndirən başlıca amillərdir. Londonda nəşr edilən “Wanderlust” jurnalında Naxçıvan Muxtar respublikasının dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd olunduğunu vurğulayan Rəşad Cəfərli qələmə aldığı məqalədə Müalicə və sağlamlıq turizminin unikal ünvanı Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənd Ağbulaq, Ən müasir standartlara cavab verən Ağbulaq Xizək mərkəzi haqqında oxuculara ətraflı məlumat verib.

“Təhsilin inkişafında lider” adlı fəsildə “Naxçıvanın ucqar dağ kəndlərinin şagirdləri bilik səviyyəsinə görə Azərbayacan miqyasında necə davamlı rekordçu olurlar?” sualını müəllif İxtiyar Hüseynli elə özü cavablandırır: Naxçıvan ənənələr diyarıdır, burada hər bir bucaqda hansısa bucaqda hansısa tarixi ənənənin nişanına rastlamaq, hər bir evdə ənənələrin yaşadıldığına şahid olmaq mümkündür. Bu ənənələrin ən mükəmməllərindən biri təhsilə və elmə olan bağlılıqdır. Naxçıvanda ən ucqar yaşayış məntəqəsində, ən hündür dağ kəndində belə iki-üç mərtəbəli, tam isidilən, dərslikdən kompüterə, idman zalından laboratoryalara qədər müasir təhsil üçün tələb olunan bütün vasitələrlə təmin olunan orta məktəblər tikilib. Üçmərtəbəli musiqi məktəblərini görmək də böyük təəccüb yaradır. bu fəsildə muxtar respublika təhsilinin reallıqlarından bəhs edən müəllif Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədə olduğunu vurğulayır. qeyd edir ki, Burada görüləcək işlər, yeni fakültələrin açılması və gələcək planlar, əlbəttə imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti nəinki regionda, hətta dünya miqyasında tanınmış ali məktəblərin birinə çevriləcək.

“Naxçıvanda inkişaf kənddən başlayır” – deyən əməkdar jurnalist muxtar respublika kəndlərinin müasir quruculuğuna, əhalisinin rifahına, “smart-ağıllı model” tətbiqinə görə də Azərbaycanda lider, rekordçu bölgədir” fikirlərini şərh edir. məqalədə yazılır: axçıvanda şəhər mərkəzindən bölgələrə doğru – coğrafi xəritədə məmləkətimizin ən hündür yüksəklikləri kimi əks olunan zirvələrdə qərarlaşmış dağ kəndlərinə gedərkən ətrafımızda sarı rəngli boruların da bizimlə birgə davamlı yol aldığını görürük... 2000-2500 metr hündürlükdə olan yaşayış məntəqələrinə doğru şəhərdən keyfiyyətli asfalt yol və bu qaz boruları gedir... Bir anlıq ötən əsrin 90-cı illərinin Naxçıvanının blokadalı həyatı barədə unudulmaz ağrılı faktları yada salıram: işıq və qazın kəsilməsi səbəbindən şəhər, qəsəbə və kəndlərin zülmətə bürünməsi, amansız şaxtada qızınmaq üçün həyətdəki sonuncu ağacların baltalanması, nəinki işdə, məktəbdə, hətta mənzillərdə belə insaların paltoda yaşaması...

Amma indi mənfi 20 dərəcə şaxtada Naxçıvanın ən ucqar kəndlərinin ən yüksəklikdəki evlərində olarkən mənzildəki müsbət 30 dərəcəlik isti ilə qonaqpərvərliyin hərarətinə birgə qızınırıq... Bu sarı borular yalnız muxtar respublikanın 100 faiz (!) qazlaşdırılmasının isbatı deyil, zənnimcə, elə Yeni Naxçıvanın inkişafının, rifahının, rahatlaşan və firavanlaşan həyatının canlı abidəsidir, möhtəşəm rəmzidir...

Made in Nakhchivan başlıqlı məqalə isə müəllif Naxçıvanın iqtisadi inkişaf dinamikasına görə ölkənin aparıcı bölgələrindən olduğunu vurğulayır. İxtiyar Hüseynli bu məqalədə ixrac potensialı ilə regionlar arasında əsas rola sahib olan Naxçıvanın iqtisadi nailiyyətlərinin heç şübhəsiz, bölgədə özəl sektorun güclənməsinə yönələn tədbirlərin real nəticəsi və təşəbbüslərin uğurla həyata keçirilməsi olduğunu hesab edir. Naxçıvanda özəl sektora dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, sahibkarlıq məsuliyyətinin də artırılmasının ön planda olduğunu qələmə alan müəllif sahibkarlığın inkişafında kadr hazırlığının əsas məsələ kimi qəbul olunduğundan, təhsil və istehsalat müəsissələri arasında əlaqələrin genişləndirilməsindən həmçinin, Naxçıvanda Biznes Mərkəzinin sərgi salonun guşələrində nümayiş olunan Naxçıvanda özəl sektorun aparıcı təmsilçiləri olan Nəqşicahan holdinq, Gəmiqaya Holdinq, Cahan Holdinq, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Zümrüd” kiçik müəssisəsi, “Naxçıvan Duz istehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər sahibkarlıq subyektlərinin fəaliyyətindən bəhs edib. “21 modeldə 6000-dən çox avtomobil” adlı altbaşlıqlı məqalədə isə İxtiyar Hüseynli Naxçıvanın müasir dövrdə istehsal nümunələri arasında ən məhşuru, sözsüz ki, “LİFAN” markalı avtomobillər olduğunu, dizaynı ilə gözoxşayan, keyfiyyətinə görə sürücülərin razılıq etdiyi maşınların getdikcə populyarlıq qazandığını vurğulayır.

Kitabın son fəsli isə 100 yaşını adlamış qocaman mətbu orqan –  Şərq qapısı  qəzetinə həsr olunmuş “Şanlı Naxçıvanın fədakar salnaməçiləri” adlı dəyərli məqalədir. Müəllifin kitabda yer alan qəzetimizlə bağlı xoş təəsüratları olduqca diqqətçəkicidir. Oxuyuruq: “Çox qəzetin tarixdə izi qalır, 101 yaşlı “Şərq qapısı” isə elə müasir dövr tarixinin özüdür. Heç də mübaliğəyə varmadıq, şişirtmədik. Bu gün Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, ulu öndər Heydər Əliyevin adını daşıyan hər bir mərkəzdə, muzeydə, “Şərq qapısı” qəzetinin hansısa səhifəsinin fotonüxsəsini görə bilərik.  Yaxud Ümumilli liderin irsini araşdıranlar, Azərbaycanın Qurtuluş missiyasının başlanğıc mərhələsi olan Naxçıvan dövrünü öyrənənlər məhz əsas istinad mənbəyi kimi “Şərq qapısı”nın qapısını döyür.  

Kitabda “Şərq qapısı” qəzetində yaradılan infrastrukturdan heyrətləndiyini vurğulayan müəllif burada yaradılan unikal şəraitdən, muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşmasından, jurnalist peşəkarlığından, ötən il qəzetin 100 illik yubleyi münasibətilə keçirilən sisilə tədbirlərdən ətraflı bəhs edib. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi və onun mətbəəsi ilə də tanışlığını qələmə alan İxtiyar Hüseynli yazır ki, buradakı cild, çap sexlərində olan avadanlıqların əksəriyyəti alman texnologiyasıdır ki, yüksək tüxnologiyanın tətbiqi işləri keyfiyyətli, yüksək poliqrafik göstəricilərlə, sərfəli qiymətlərlə həyata keçirməyə imkan verir.

Hər iki kitabın ərsəyə gəlməsi münasibətilə müəlliflərə təbriklərimizi ünvanlayır, Naxçıvan bugünkü reallıqlarını əbədi salnaməyə çevirən dəyərli həmkarlarımıza təşəkkür edirik.

Gülcamal TAHİROVA

Nəşr edilib : 24.05.2022 17:44