AZ EN RU

Naxçıvan bölməsinin Rəyasət Heyəti bir neçə qərar qəbul edib

    AMEA Naxçıvan Bölməsində Rəyasət Heyəti növbəti dəfə toplanıb. İclası açan Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev yığıncaq iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
    Bölmənin Təchizat və xidmət şöbəsinin aparıcı mütəxəssisi İlham Cəfərov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov müşavirədə enerji, ərzaq təhlükəsizliyi, sabitliyin qorunması kimi məsələlərin vacibliyini vurğulayıb.
    İlham Cəfərov AMEA Naxçıvan Bölməsində payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat verib. Məlumatda qeyd olunub ki, bütün inzibati binalara mövsümə hazırlığı təmin etmək məqsədilə baxış olub, mövcud olan kiçik nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. O, bölməyə aid hər binanın qışa hazırlığı barədə ətraflı danışaraq bildirib ki, AMEA Naxçıvan Bölməsi 2022-2023-cü illərin payız-qış mövsümünə tam hazır vəziyyətdədir.
    AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev iclasda 2022-ci ildə Naxçıvan Muxtar Respublikasında aparılmış beynəlxalq və yerli arxeoloji ekspedisiyaların nəticələri, Sədərək, Uçan Ağıl, Osmantəpə, Plovdağ yaşayış yerlərindən aşkar olunan yeni tapıntılar barədə məlumat verib. Professor qeyd edib ki, qazıntılar zamanı Alt Paleolit və Orta Paleolit dövrünün erkən mərhələsinə aid materialların aşkar edilməsi gələcək araşdırmaların daha da səmərəli nəticələr verəcəyinə işarə edir.
    Vəli Baxşəliyev, həmçinin 3-6 sentyabr tarixlərdə qardaş Türkiyə Cümhuriyyətinin Mersin şəhərinə təşkil edilən elmi ezamiyyənin nəticələri barədə məlumat verib. 
    İclasda gündəlikdəki digər məsələlər də Rəyasət Heyəti tərəfindən müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 23.09.2022 20:30