AZ EN RU

Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərə nümunəvi xidmət göstərilir

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

    Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə “Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü” kimi qeyd edilir.
    Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılmışdır. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilmişdir. 1976-1980-ci illər üçün Azərbaycanda Mülki Aviasiyanın inkişaf proqramı hazırlanmış, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün uçuş-enmə zolağı salınmış, hava limanları müasir radio və işıq texnikası vasitəsilə təchiz edilmişdir. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülmüşdür.

    Muxtar respublikanın nəqliyyat problemlərinin həllinə ümummilli liderimiz xüsusi diqqət yetirmiş, 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. Ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi. Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş qısa müddətdə həyata keçirilmişdir. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirmişdi. Bununla əlaqədar 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə olmuşdur. 2002-ci il oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud hava limanlarının maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması sahəsində görülən işlər ardıcıl və sistemli xarakter almış, inkişaf proqramları qəbul olunaraq həyata keçirilmişdir. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsini diqqətdə saxlamış, 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilmişdir. Son illər həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını yeni inkişaf mərhələsinə çıxarmışdır. Ölkə Prezidentinin iştirakı ilə 2014-cü ildə hava limanının yeni inzibati binası, 2015-ci ildə isə “Şərq Terminalı” istifadəyə verilmişdir. 
    2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə hava limanının “Qərb Terminalı” istifadəyə verilmişdir. Həm “Şərq”, həm də “Qərb” terminallarının yenidən qurulması zamanı Beynəlxalq Mülki Aviasiya təşkilatının, Beynəlxalq Mülki Nəqliyyat Assosiasiyasının tələb və tövsiyələrinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşların və aviasiya təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunmuşdur. Hava limanında ilk dəfə teleskopik traplar qurulmuşdur. Aerovağzal kompleksinin yenidən qurulması illik sərnişin dövriyyəsinin və yükdaşımaların artırılmasında mühüm rol oynamış, hava limanının saatlıq sərnişin dövriyyəsi 300 nəfərdən 600 nəfərə çatdırılmışdır. Hər iki terminalda beynəlxalq səviyyəli uçuşların həyata keçirilməsi üçün sərhəd nəzarəti, tranzit sərnişinlər üçün zal, Aviasiya təhlükəsizliyi nəzarəti sahələri fəaliyyət göstərir.
    Muxtar respublikanın sosial-iqtisadi inkişafı, turizm imkanlarının genişlənməsi hava nəqliyyatına tələbatı da artırmışdır. Hava limanında əhaliyə və turistlərə hərtərəfli xidmət göstərmək üçün lazımlı şərait yaradılmış, infrastruktur təkmilləşdirilmişdir. Həyata keçirilən işlərin tərkib hissəsi olaraq Naxçıvan, Ordubad, Şərur və Şahbuz şəhərlərində müasir aviakassa binaları tikilib istifadəyə verilmiş, sərnişinlərin rahatlığı və xidmətin səviyyəsi yüksəldilmişdir. Xidməti personalın bilik səviyyəsinin yüksəldilməsi, müasir texnoloji avadanlıqlardan istifadə qaydaları və onların tətbiq edilməsi üçün də tədbirlər görülmüş, əməkdaşlar Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş ixtisasartırma kurslarında iştirak edərək yerli və beynəlxalq dərəcəli sertifikatlarla təmin olunmuşlar. 
    Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən 2019-cu il avqust ayının 15-dən Naxçıvan Muxtar Respublikasına Türkiyə üzərindən birbaşa hava dəhlizi açılmışdır. Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin edilir. Türkiyə üzərindən yeni açılan hava dəhlizi gələcəkdə yeni beynəlxalq reyslərin açılmasına şərait yaradır.
    2021-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının ümumi uzunluğu 3300, eni 60 metrdir. Yükgötürmə qabiliyyəti 400 ton olan zolağın salınması zamanı yerli iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınmışdır. Uçuş-enmə zolağının naviqasiya və işıqlandırma sistemləri müasir səviyyədə qurulmuşdur. Ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu, uçuşu üçün avtomatlaşdırılmış meteoroloji radiolokator quraşdırılmış, radiorabitə vasitələri tamamilə yenilənmişdir. Bu da yerli və beynəlxalq dəhlizlər üçün hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verir. Bu uçuş-enmə zolağı ağırtonlu yük təyyarələrinin Naxçıvan Beynəlxalq Hava Limanına qəbulunu təmin edir, həmçinin sərnişin dövriyyəsinin artmasına da müsbət təsir göstərir. Hazırda hava limanında saatlıq sərnişin dövriyyəsi 600 nəfərdən artıqdır.  
    Ötən il Naxçıvan Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilmiş, Naxçıvan Beynəlxalq Hava Limanının yeni əsasnaməsi təsdiq edilmişdir. Bundan sonra hava limanı yeni əsaslarla fəaliyyət göstərəcəkdir.
    Naxçıvan Beynəlxalq Hava Limanında yerüstü xidmət dünya standartlarına cavab verir. Beynəlxalq normaların tələblərinə uyğun fəaliyyət göstərən yük terminalının mövcud olması hava limanının əhəmiyyətini xeyli artırır. Hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı, Gəncə, Moskva və İstanbul şəhərlərinə, ümumilikdə, 4 istiqamətdə uçuşlar həyata keçirilir. Hava limanı il ərzində 320 mindən çox sərnişinə xidmət edir. Uçuşlar dünyada istismar olunan müasirtipli hava gəmiləri vasitəsilə yerinə yetirilir. Hava nəqliyyatının inkişafı və hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir. Gələcəkdə də uçuşların əhatə dairəsinin genişləndirilməsi üzrə xüsusi planların işlənib hazırlanması nəzərdə tutulmuşdur. 
    Sərnişin rahatlığı üçün 2021-ci ildə “Aeroport taksi” xidməti yaradılmışdır. Həmçinin hava limanı ərazisində “Çinar Kafe” fəaliyyət göstərir. Əlverişsiz hava şəraitində sərnişinlərin rahatlığını təmin etmək üçün “Qərb” və “Şərq” terminallarının qarşısında talvarın tikintisi artıq yekunlaşmaq üzrədir. Hava nəqliyyatı sisteminin inkişafına xüsusi diqqət göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin əsas məqsədi sərnişinlərin rahatlığını təmin etməkdir”.

    Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, muxtar respublika əhalisinə və turistlərə nümunəvi xidmət göstərəcəklər.

Naxçıvan Beynəlxalq Hava Limanı

Nəşr edilib : 01.06.2022 23:50