AZ EN RU

Naxçıvan Beynəlxalq Hava Limanında peşə bayramı qeyd olunub

    Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si  hər il ölkəmizdə “Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü” kimi qeyd olunur. Bu münasibətlə Naxçıvan Beynəlxalq Hava Limanında tədbir keçirilib.
    Tədbirdən öncə Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
    Peşə bayramı günü ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılıb. 1976-1980-ci illər üçün Azərbaycanda Mülki Aviasiyanın inkişaf proqramı hazırlanıb, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün uçuş-enmə zolağı salınıb, hava limanları müasir radio və işıq texnikası vasitəsilə təchiz edilib. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülüb. Naxçıvan Muxtar Respublikasının nəqliyyat problemlərinin həllinə Ümummilli Liderimiz xüsusi diqqət yetirib, 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilib. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ulu Öndər limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu məsələ qısa müddətdə həllini tapmışdır. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirmişdi. 2002-ci il oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir. Ulu Öndərimizin rəhbərliyi ilə Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyətinin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülüb.
    Mənşur Gülməmmədli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud hava limanlarının maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması sahəsində görülən işlər ardıcıl və sistemli xarakter alıb, inkişaf proqramları qəbul olunaraq həyata keçirilib. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsini diqqətdə saxlayıb, 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilib. 
    Tədbirdə çıxış edənlər yaradılan şəraitə,  göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. 
    Sonra hava limanının bir qrup əməkdaşı peşə bayramı günü münasibətilə “Fəxri fərman”la təltif olunub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 02.06.2023 16:04