AZ EN RU

“Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının bağlanış mərasimi olub

    Dünən Naxçıvan “Gənclik” Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının bağlanış mərasimi keçirilib.


    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və şəhidlərimizin ruhu ehtiramla yad edilib. 
    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki,“Heydər Əliyev İli” çərçivəsində keçirilən, Naxçıvanın ev sahibliyi etdiyi, 11 ölkədən rəssamların qoşulduğu “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalı xoş məqamlarla yadda qalıb. Rəssamlar ölkəmizin, eləcə də qədim diyar Naxçıvanın tarixi, mədəniyyət və incəsənət abidələri ilə bağlı gözəl sənət əsərləri yaradıblar.  Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda çəkilən əsərlərdən ibarət sərginin möhtəşəm açılış mərasimi keçirilib. Bütün sənətsevərləri rəssamların əsərləri ilə tanış olmağa dəvət edirik. 
      Ülviyyə Həmzəyeva çıxışının sonunda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, “Cahan Holdinq” olmaqla festivala dəstək göstərən bütün təşkilatlara minnətdarlığını bildirib. 
    Sonra rəssamlara diplom və hədiyyələr təqdim olunub. Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin rəqs qrupunun ifasında nümayiş etdirilən milli rəqslərimiz iştirakçılarda xoş əhvali-ruhiyyə yaradıb. Rəssamlarla xatirə şəkli çəkdirilib. 
    Qeyd edək ki, bu il “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalında Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Finlandiya, Polşa kimi xarici ölkələrdən rəssamlar iştirak edib.  Xatirə olaraq çap olunacaq kataloqda rəssamların bioqrafiyası və çəkdikləri əsərlər yerləşdiriləcək.

***

    Əvvəlcədən xəbər verdiyimiz kimi, 29-31 may tarixlərdə Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan- Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalı təşkil olunub. Mayın 31-də festival çərçivəsində qonaqlar Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər. Festival təşkilatçı və iştirakçıları təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
    Ülviyyə Həmzəyeva – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı: – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında müvafiq Sərəncam imzalamışdır. Bundan irəli gələrək muxtar respublikada çoxsaylı tədbirlər təşkil olunur, Ulu Öndərin yubileyi təntənəli surətdə qeyd edilir. Ölkəmizin qədim və gözəl guşələrindən biri olan Naxçıvanda 2012-ci ildən, iki ildən bir olaraq bienali tipli keçirilən, sayca altıncı olan festivalı bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təşkil olunmuş bu festival maraqlı anlarla yadda qaldı. Bilirsiniz ki, Naxçıvan özünün elm-sənət, siyasi xadimləri ilə tanınır. Naxçıvan müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğma diyarıdır. Görkəmli dövlət xadimi ölkəyə siyasi rəhbərliyinin hər iki dövründə sənət və sənətkara diqqət və qayğı göstərib, onların, sözün əsl mənasında, hamisi olub. Onun mədəniyyət və incəsənətimizin inkişafına göstərdiyi töhfələrdən biri də 1971-ci ildə Ulu Öndərin tapşırığı əsasında Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının yaradılmasıdır.  Bu gün “birlik” olaraq fəaliyyətini davam etdirən bu yaradıcı təşkilat, öz fəaliyyətini günün tələbləri əsasında davam etdirir və Ulu Öndərin siyasi irsi, çoxşaxəli fəaliyyəti naxçıvanlı rəssamların fəaliyyətində daim öz əksini tapır. Bu gün Naxçıvan Rəssamlar Birliyinin üzvlərinin sədaları respublikadan kənarda, başqa ölkələrdə yüksək və mötəbər sərgilərdən, elm məbədlərindən gəlir. 
    Festival haqqında onu deyim ki, 2012-ci ildən ətrafına “Sülh carçıları” olan tanınmış rəssamları toplayan ArtFest-də bu günə qədər Azərbaycandan və xaricdən çoxsaylı rəssamlar iştirak edib və tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən möhtəşəm əsərlər ərsəyə gəlib. Arzumuz budur ki, gələcəkdə Naxçıvanda Müasir İncəsənət Muzeyi açılsın  və çəkilən rəsm əsərləri orada nümayiş olunsun. 
    “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalı möhtəşəm keçdi. Dünyanın bir çox ölkələrindən gələn 52 rəssam Əcəmi seyrəngahında öz bacarıqlarını göstərdi. Rəssamlarımız burada öz təcrübələrini digər rəssamlarla da bölüşdülər. Rəssamlar Birliyinin hamiliyinə verilən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun gənc rəssam tələbələri də festivalda iştirak edərək tanınmış rəssamlarla və onların işləri ilə yaxından tanış  oldular. Bunun üçün çox gözəl şərait yaradılmışdı. Mən festivalın təşkilinə dəstək göstərən hər kəsə öz minnətdarlığımı bildirirəm. 
    İrina Eldarova – Azərbaycanın Əməkdar rəssamı : – Naxçıvanda olmaqdan xoşbəxtəm. Buraya dördüncü səfərimdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı festivalda iştirak etməkdən məmnunluq duyuram.  Hər dəfə Naxçıvana gəlişim mənim üçün inanılmaz bayrama çevrilib. Bu gün də belədir. Naxçıvanı gəzdik, buranın təbiəti insanın ruhunu oxşayır. Festival çox gözəl keçdi. Burada müxtəlif ölkələrdən gələn sənətkar dostlarımızla bir yerdə Naxçıvana həsr olunmuş müxtəlif rəsm əsərləri işlədik. Əhvali-ruhiyyə gözəl idi, hər şey gözəl keçdi. Çəkdiyimiz əsərlər Naxçıvanda qalacaq və muzeydə sərgilənəcək.
    Polşadan olan müsahibimiz Katya Sokolova Zuzak əslən Rusiyadan olsa da, artıq qırx ildir ki, Polşada yaşayır və yaradıcılığına orada davam edir. Katya xanım bildirir ki, ilk dəfə Naxçıvana dörd il öncə gəlib: – Elə o vaxtdan bu torpağı, buradakı qonaqpərvərliyi, mədəniyyəti, insanların üzündə olan təbəssümü çox sevib. Bu festivaldan öncə gəlmək istəsə də, müəyyən səbəblərdən mümkün olmayıb. Bu festival sayəsində burdadır, çox xoşbəxt və sevinclidir. Katya xanımla söhbətimiz zamanı zəriflik göstərərək, iki gün öncə qeyd etdiyimiz 28 May – Müstəqillik Günü münasibətilə qonaq olduğu vətənimizin insanlarına öz təbriklərini çatdırdı, Azərbaycan xalqına xoşbəxtlik və sevgi arzu etdi. Biz də bu xoş arzu və təbriklərdən dolayı Katya xanıma təşəkkürümüzü bildirdik.
    Sumqayıt şəhər rəssamları adından festivala dəvət almış müsahibim İntiqam Ağayev bildirdi ki, festivala Sumqayıt şəhərindən 3 rəssam dəvət alıb: – Naxçıvan şəhərinə beşinci səfərimdir. Hesab edirəm ki, həqiqətən də, hər kəsə doğma olan Naxçıvan şəhəri bəşəriyyətin beşiyidir.  Tanış olduğumuz yerlərə baxdıqda Naxçıvana heyran olmamaq əldə deyil. Festivalda Naxçıvan Dövlət Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgi də marağımıza səbəb oldu. Bütün həmkarlarım adından Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə  Həmzəyevaya bizi dəvət etdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, milli-mənəvi dəyərlərimizin yaşadıldığı, yüksək incəsənəti ilə dünyada tanınan Naxçıvan bundan sonra da belə tədbirlərə tez-tez ev sahibliyi edəcək. Biz də böyük məmnuniyyətlə gəlib iştirak edəcəyik.
    Festival iştirakçıları arasında Türkiyənin İzmir şəhərindən gələn Hülya Sezginlə həmsöhbət olduq. Hülya xanım dedi ki,  Naxçıvanda təşkil olunan festivallarda artıq dördüncü iştirakıdır: – Hər zaman “bir millət, iki dövlət” olaraq əlaqələr saxlasaq da  belə festivallarda sərgilənən əl işləri ilə yaxından tanış olmaq, rəssam dostlarımızla görüşmək, fikir mübadiləsi aparmaq, yeni dostlar qazanmaq çox gözəldir. Bu festival həm də onu göstərir ki, Azərbaycanda incəsənət sahəsi daha da inkişaf edir və istedadlı rəssamlar kifayət qədərdir. Mən də bu festivalın iştirakçısı olduğum üçün qürur duydum.
    Türkiyədən festivala qatılan daha bir rəssam  Tolqa Akalın deyir ki,  Naxçıvan şəhərinə ilk gəlişidir.  O, Naxçıvanın eşitdiyi və düşündüyündən  çox gözəl inkişaf etmiş bir şəhər olduğunu bildirdi. Şəhəri gəzən zaman binaların üzərində gördüyü naxışları bəyəndiyini və bu diyarda müasirliklə birgə sənətin yaşadıldığını qeyd etdi. Müsahibim onu da bildirdi ki, Heydər Əliyev Muzeyi ilə tanışlıq  onda Azərbaycan xalqının Ümummilli Lideri haqqında xoş təəssüratlar yaradıb. Azərbaycanın qardaşı olmaqdan qürur hissləri keçirdiyini deyən Tolqa Akalın festivalda iştirakdan məmnunluq duyduğunu, Naxçıvandakı gözəllikləri gördükdən sonra ölkəmizin digər bölgələrinə də səyahət etməyi düşündüyünü vurğuladı. 
    Nafisa Gılmanova festivala Özbəkistandan qatılmışdı. O dedi ki, Azərbaycanla Özbəkistanın sıx, möhkəm dostluq bağları vardır. Burada biz bir-birimizi yaxşı başa düşürük. Naxçıvanda olmaqdan sevincliyəm. Naxçıvanın memarlıq quruluşu gözəldir, təbiət mənzərələri cəlbedicidir. Qarşısında dayandığımız Möminə xatın abidəsinin tarixi, onun bir qadının şərəfinə tikilməsi marağımı çəkdi və qərara gəldim ki, işləyəcəyim rəsm əsərində tarixi qadın obrazını – Möminə xatını təsvir edim. Sevindiricidir ki, bu cür tədbirlər təşkil olunur və bizim mədəni əlaqələrimiz, dostluqlarımız daha da güclənir. 
    Festival iştirakçısı, iş qadını Songül Başar  qeyd etdi ki, 8 ildir, Azərbaycana gəlib-gedir. Amma belə bir festivalda ilk dəfədir, iştirak edir və bundan böyük şərəf hissi keçirir. İnsanın qəlbinin və könlünü fəth edə bilən yalnız sənətdir, mədəniyyətdir. İki dost və qardaş ölkə olaraq sənəti və mədəniyyəti bir arada yaşatmaq çox dəyərlidir. Naxçıvan  sənətin beşiyidir və bu sənət onun  insanları, mənəviyyatı ilə həmahəngdir, – deyə Söngül xanım əlavə etdi. 

Güntac ŞAHMƏMMƏDLİ
 Aidə İBRAHİMOVA 
Bülbül QULİYEVA

Nəşr edilib : 31.05.2023 20:58