AZ EN RU

“Naxçıvan – bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb

29-31 may tarixlərində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalı keçirilib.

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sərgidə iştirak edib.

Sərgidə çıxış edən səlahiyyətli nümayəndə Fuad Nəcəfli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək deyib ki, Azərbaycan Respublikasının ən qədim və zəngin guşələrindən olan Naxçıvanda iki ildən bir keçirilən bu tədbir həm dünya incəsənətinə inteqrasiyamızı təmin edir, həm də yerli rəssamların işlərini görmək, onlarla tanış olmaq üçün böyük bir fürsətdir. Naxçıvan Muxtar Respublikası uzun illər bu inteqrativ məsələlərdə kənarda qalıb. Azərbaycan Respublikasında gedən inkişaf təəssüf ki, burada təmin olunmayıb. Ancaq artıq 6 aya yaxındır ki, bu məsələlər sürətlə həll edilir. Mədəniyyət, televiziya, eləcə də incəsənət sahəsinə əhalinin marağı həddindən artıq yüksəkdir. Bugünkü tədbir də muxtar respublika əhalisinə töhfədir, ölkəmizin, muxtar respublika cəmiyyətinin bütün təbəqələrində olduqca maraqla qarşılanır.

Sonra tədbirdə festival iştirakçılarından Mehmet Sağ, Dase Ştrausa, İnna Kostinaya hədiyyələr verilib, 20 xarici rəssama Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəxri üzvlük, muxtar respublikadan olan 2 rəssama isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvlük vəsiqələri təqdim olunub.

Sərgiyə baxış zamanı məlumat verilib ki, festivalda Türkiyə, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Rusiya, Finlandiya - Latviya və Polşadan olmaqla 20 rəssam, ölkəmizdən isə 32 rəssam iştirak edib. Sərgi salonunda rəssamların festivalda çəkdikləri dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika növlərinə aid mənzərə, natürmort, portret janrlarında müxtəlif mövzularda 56 rəsm əsəri nümayiş olunur.

Sonda festival iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Nəşr edilib : 31.05.2023 17:05