AZ EN RU

Naxçıvan bələdiyyələri “Bələdiyyələrlə iş portalı”nın istifadəsi ilə bağlı onlayn təlimə qoşulublar

Fevralın 29-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Bələdiyyələrlə İş Portalından istifadə edilməsi ilə bağlı təlim keçirilib. Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında toplaşaraq  təlimə Zoom proqramı vasitəsilə onlayn qoşulublar.
Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları Aygün Hüseynova və Səfa Cəfərov tərəfindən 27 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nına əsasən Ədliyyə Nazirliyi tərəfindənyaradılmış “Bələdiyyələrlə iş portalı”ndan istifadə qaydaları izah edilib. Bələdiyyələrin iclas protokollarını inzibati nəzarəti həyata keçirən orqana portal vasitəsilə göndərmə qaydaları barədə məlumat verilib.  
Bildirilib ki, “Bələdiyyələrlə iş portalı”nın fəaliyyətə başlaması bələdiyyələrlə nazirlik arasında sənəd dövriyyəsi prosesinin sürətlənməsinə, sənədlərin göndərilməsində olan gecikmələrin qarşısının alınmasına, sənədlərin tərtibatı və poçt göndərişləri ilə bağlı əlavə xərclərdən azad olmasına gətirib çıxaracaq. Portalda fərdi kabinet vasitəsilə bələdiyyə aktlarının yayımlanması, onların axtarışı, avtomatlaşdırılmış rejimdə statistik hesabatların tərtib edilməsi kimi funksional imkanlar yaradılıb.İctimaiyyət üçün açıq olan faydalı bölmələr, o cümlədən ölkəmizdə yerli özünüidarəetmə sisteminin tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s. barədə məlumatlar yerləşdirilib. Eyni zamanda portalda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər – metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb. 
Sonda təlim iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib. 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən portaldan istifadənin bütün bələdiyyələri əhatə etməsi istiqamətində tədbirlər görülür. 


Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti 

 

 

Nəşr edilib : 29.02.2024 20:32