AZ EN RU

Naxçıvan bağlarının ləziz barı...

    Elə ki baharın təmtəraqlı, güllü-çiçəkli may ayı yurdumuza qədəm qoydu, hər bir Naxçıvan sakininin süfrəsini yaşıl donlu, dadlı-tamlı göycə bəzəyər. Ümummilli liderimiz Heydər Əliyevin də çox sevdiyi, muxtar respublikamızın brendinə çevrilən bu məhsulun yetişdirilmə ənənələri qədim çağlara gedib dayanır. Belə ki, diyarımızda iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə fərqli növlərə malik bu məhsulu naxçıvanlı bağbanlar, xalq seleksiyaçıları VII əsrdən bəri yetişdirməyə başlayıblar. Bu gün hər bir həyətdə ən azı iki-üç ağacına mütləq şəkildə rast gəlinən göycənin şöhrətinin artmasında 2016-cı ildən başlayaraq keçirilən “Göycə” festivalının da rolu böyükdür. Tarixi-memarlıq abidəsi olan Naxçıvanqala artıq növbəti belə festivalı qarşılamaq üzrədir. Biz də “Şərq qapısı” qəzetinin əməkdaşları olaraq ənənəmizə uyğun şəkildə növbəti məhsul bayramı öncəsi bir neçə təsərrüfatçı ilə həmsöhbət olub bu maraqlı, özünəməxsus meyvənin yetişdirilmə üsulları barədə öyrənməyə çalışdıq.

    Şərur rayonu zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də məşhurdur. Onlardan da biri göycədir. Rayonda bir çox sahibkar, ailə təsərrüfatçısı fərdi təsərrüfatında göycə yetişdirir, məhsulun satışı ilə yaxşı gəlir əldə edir. Yadulla Həsənov da həmin fərdi təsərrüfatla məşğul olanlardan biridir. O deyir ki, bütün ağaclar kimi, göycəyə də qayğı lazımdır. Əgər bol məhsul istəyirsənsə, yaxşı da qulluq etməlisən. Uzun illərdir ki, bu işlə məşğul olan Yadulla dayı söhbət əsnasında bildirir ki, göycə üçün, əsasən, alça və almaxara ağaclarına calaq vurulur. Təcrübələr əsasında demək olar ki, bu ağaclar vurulan calaqdan sonra yaxşı bar verir, kökaltı hissələri yaxşı inkişaf etdiyindən gec quruyur, xəstəliklərə davamlı olur. Dədə-babalarımız deyərdi ki, calaq arpa biçini zamanı edilməlidir. Calaq vurulduqdan iki, yaxud da üç il sonra artıq göycə ağacı bar verir. 

    Bağbanın sözlərinə görə, yağışlı havalarda ağacları zərərvericilər daha tez məhv edə bilər. Buna görə də erkən yazda və çiçəkləmədən sonrakı dövrdə ağacları dərmanlamaq lazımdır. Məhsul verməyə bir ay qalmış dərmanlama dayandırılır ki, kimyəvi tərkib ağacın meyvəsinə təsir göstərməsin. Ağacları çiçəkləmə vaxtında dərmanlamaq olmaz. Bütün ağaclar kimi, göycə ağacının da mineral maddələrə, üzvi gübrələrə ehtiyacı var. Lakin ağaca gübrə verilən zaman diqqətli olmaq lazımdır. Gübrə mütləq çiçəkləmədən əvvəl verilməlidir. Erkən yazda göycə ağacı budanmalıdır. Onun üst təpə tumurcuqları təmizlənməsə, məhsulu az olar. Ağaca verilən suyun da onun məhsuluna bilavasitə təsiri var. Belə ki, şirin su ilə suvarılan ağacın meyvəsi ilə şor su ilə suvarılan ağacın meyvəsi arasında, əlbəttə ki, fərq olacaq.

    Yadulla Həsənov qeyd edir ki, göycə alçadan tez yetişir. Yəni göycə satışa çıxarıldığı vaxt alçalar çox balaca və acı olur. Alçanı, adətən, göy ikən deyil, yetişəndən sonra yığıb istifadə edirlər. Göycə ilə bir fərqi də elə budur. 
    Təsərrüfatçı bu gün muxtar respublikamızda qədim diyara məxsus göycə kimi digər yerli meyvə sortlarının istehsalının artırılması ilə yanaşı, onların təbliği və tanıdılmasından, bu sahədə görülən tədbirlərdən də danışdı: “Hər il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə” festivalında bol məhsulla iştirak edirəm. Burada ölkəmizin müxtəlif regionlarından, həmçinin qonşu ölkələrdən Naxçıvana gələn turistlərə çox rast gəlmişəm”.

    Ordubad rayonu tarixən meyvəçilik diyarı kimi tanınıb. Buranın “Bağlar diyarı” statusunu alması meyvəçiliyin və tingçiliyin inkişafı ilə sıx bağlı olub. Rayonda qədim meyvəçilik ənənələrini öz fəaliyyəti ilə yaşadan, itmək təhlükəsi ilə üz-üzə qalan meyvə ağacı sortlarını bərpa edən, 31 illik bağçılıq təcrübəsinə malik Ordubad rayon sakini Rahim Kərimovla həmsöhbət oluram. Onun dediklərindən: – Hazırda kənd təsərrüfatının bağçılıq və üzümçülük sahəsi ilə məşğulam. Bağımda 275 növdə 1450 ədəd meyvə ağacı əkmişəm. 
    Müsahibim deyir: – Ordubadın, əsasən, beş meyvəsi vardır ki, məşhurdur. Onlar limon, heyva, cəviz, şaftalı və ərikdir. Lakin Ordubadda göycə ağacları əkib-becərməklə məşğul olan təsərrüfatçılar çoxdur. Rayonumuzda bu gün göycənin 20-yə yaxın xırdadənəli, uzunsov, yumru, nazik və qalınqabıq, şirin, sulu, turş, böyrək formalı və digər növləri becərilir. Mən də 6 sort göycə tinginin becərilməsi ilə məşğulam, 80-ə yaxın göycə ağacım vardır. Bu ağacların yaşı 3-30 arasıdır. Belə ki, sortlar içərisində göycə, göycəsultanı, təbərzə alça, sarı alça, yaz, yay, payız mələsi, şabranı, qara alça vardır. Bildirim ki, göycənin tərkibində müxtəlif turşular vardır. Bu turşular insan orqanizmində maddələr mübadiləsi, qanın durulaşması və həzmin güclənməsində, zərərli maddələrin bədəndən atılmasında, insanın sağlam yaşamasında mühüm rol oynayır. Göycə bu cəhətdən faydalı meyvə sayılır. Göycəni yetişdirmək üçün bir neçə mərhələ keçilir. Muxtar respublikamızda göycəni əriyə, badama, alçaya və gavalıya calaq vurmaqla artırırlar. Gavalıya calaq vuranda göycə meyvəsi daha iri olur. Bir də ki, göycə külək tutmayan sahələrdə daha çox məhsul verir. Ağaca vaxtlı-vaxtında aqrotexniki qulluq göstərmək vacibdir. Gövdəətrafını yumşaldıb peyin, gübrə səpmək, kökləri zədələməmək, dibindəki alaq otlarını təmizləmək, çaqqalalar buğda boyda olanda onlara əlavə gübrə vermək (azot, quş peyini və ya peyin şirəsi), vaxtında xəstəliklərə qarşı bordo məhlulu, eləcə də zərərvericilərə qarşı zəhərli kimyəvi dərmanlar çiləmək və müntəzəm suvarmaq lazımdır. Ağacları 5-7 gündən bir suvarmaq, meyvənin yetişməsinə az qalmış isə suyunu azaltmaq və yaxud kəsmək lazımdır ki, meyvələr çatlamasın. 
    Ta qədimdən Naxçıvan şəhəri məhəllələrinin həyətyanı sahələrində yetişdirilən göycə öz dad-tamına, ətrinə görə digər bölgələrimizdə yetişdirilən göycədən üstün hesab edilib. Xüsusilə də “Çuxur məhəlləsinin göycəsi” hər zaman adla deyilib. Bəs burada yetişdirilən göycəni digərlərindən fərqləndirən özəllik nədir? Elə bu sualla üz tuturuq Çuxur məhəlləsinə. Çuxurun ən zəhmətkeş göycə təsərrüfatçıları Zəminə Əliyeva və onun həyat yoldaşı Xudakərim Əliyevi tapırıq. Qapıdan içəri keçdikdə bir-birindən gözəl gül-çiçəklərin xoş ətri adamı valeh edir. Həyətdəki səliqə-sahman isə insanın könlünü oxşayır. Hələ göycə ağaclarından danışım sizə. Budaqları meyvənin ağırlığından yerə dəyən ağaclardakı göycələr sanki adamın üzünə gülür. Heyrətlə ağaclara baxdığımı görən Zəminə xanım deyir ki, ay qızım, atalar yaxşı deyib: “Bağa baxarsan, bağ olar, baxmarsan, dağ”. Bu bağın bu cür məhsuldar olması üçün çox çalışmışıq. Ağacların nazını övladımız kimi çəkmişik. Onların boy atıb, bar verməsi üçün qayğısına qalmışıq. Göycə ağaclarına isə xüsusi qayğı göstərmişik. Ümumiyyətlə, bu ağacın barı çox zəhmət tələb edir. Vaxtlı-vaxtında budanıb, dərmanlamasan, çətin ki, bar verə. Göycənin yaxşı məhsul verməsi üçün torpağın rütubətli olması vacibdir. Quraq iqlimdə göycə bağları suvarılmadıqda həm ağac yaxşı bar vermir, həm də meyvələri keyfiyyətsiz olur. Zəminə Əliyeva deyir ki, bu ağaclar bizə yoldaşımın atasından miras qalıb. Bu bağı sevməyimizin, onun zəhmətini sevərək çəkməyimizin əsas səbəbi odur ki, atamızdan bizə qalan bu yadigarların kökünə daş atmayaq. Onları miras kimi qoruyaq. Söhbətimizə Zəminə Əliyevanın həyat yoldaşı Xudakərim Əliyev də qoşulur. Deyir ki, hələ ağaclar çiçək açmamış Azərbaycanın hər yerindən göycə sifariş edirlər. Yetişdirdiyimiz bu məhsulun müştərisi həmişə başının üstündə olur. Naxçıvan göycəsinin adının dillər əzbəri olduğunu deyən təsərrüfatçı söhbətinə belə davam edir: – Bu meyvə Vətənimizin digər bölgələrində “alça” adı ilə tanınır. Lakin həmin meyvə, əsla, Naxçıvan torpağında bitən göycənin dadını vermir. Bu meyvədən bir dadan yenə dadmaq istəyir. “Çuxurda yetişdirilən göycənin digər məhəllə və bölgələrimizdə yetişdirilən göycədən fərqi nədədir?” sualına 73 yaşlı Xudakərim kişi belə cavab verir: –  Dədə-babalarımızdan eşitmişik ki, Naxçıvanın Çuxur məhəlləsində yetişdirilən göycənin əvəzi yoxdur. Bunun səbəbi isə buradakı meyvə ağaclarının məhz kəhriz suyu ilə suvarılmasıdır. Kəhriz suyu ilə suvarılan meyvənin qabığı nazik, özü isə kövrək olur. Çəyirdəkdən tez ayrılır. Şirin, sulu olması isə bu məhəllədə yetişən göycəni digərlərindən fərqləndirir. 
    Yaz mövsümünün ən ləziz təamı sayılan göycənin muxtar respublikamızın bütün bölgələri kimi, Babəkdə də yetişdirilməsi ilə xüsusi məşğul olanlar çoxdur. Onlardan biri rayonun Kalbaoruc Dizə kənd sakini Nicat Şükürovdur. Muxtar respublikada keçirilən “Ailə təsərrüfatı məhsulları”, “Göycə” festivallarında mütəmadi olaraq iştirak edən təsərrüfat adamı 10 ilə yaxındır ki, 2,5 hektar ərazidə alma, armud, şaftalı, şələli, ərik, göycə ağaclarından ibarət bağ salıb. Ailə təsərrüfatçısı illərin zəhmət təri ilə əsl cənnətməkana çevrilən bu bağın min bir zəhmətlə qayğısını çəkir. Ərsəyə gətirərək yaxşı qazanc əldə etdiyi göycənin yetişdirilmə xüsusiyyətlərindən də söhbət açaraq deyir ki, bu ağac çınqıllı, daşlı və həddindən artıq bərk gilli torpaqları sevmir. Əgər belə torpaqda göycə ərsəyə gətirmək fikrindəsənsə, mütləq alçaya calaq etməlisən. Ancaq unutmaq olmaz ki, yaxşı məhsul verməsi üçün göycə ağacı qüvvətli və yumşaq torpaqlarda əkilməlidir. Geniş bağın salınması üçün ərazinin dərindən şumlanıb hazırlanması vacibdir və əsas diqqət torpağın becərilməsinə verilməlidir. Ağac cavan dövründə çox budanmalıdır ki, meyvə hasil olanadək istənilən formanı ala biləsən. Əks halda, cavan şivlər yalnız ağacın çətiri altında əmələ gələr ki, bu da, son nəticədə, məhsuldarlığın aşağı düşməsinə səbəb olar. Təcrübəmə əsaslanıb söyləyə bilərəm ki, göycə ağacı salındıqdan sonrakı iki il ərzində sürətlə böyüyür, üçüncü ildə məhsula düşür, sonrakı illərdə yaxşı bar verməyə başlayır. Barverən ağacların kökləri torpağın üst qatlarını tamamilə tutduğu üçün həmin qat qüvvədən düşə, məhsuldarlıq azala bilər. Bunun üçün bağlara payızda, torpaq şumlanan dövrdə ərazinin miqyasına uyğun miqdarda fosfor və kalium gübrələrinin verilməsi vacibdir. Bundan başqa, ağacın yaxşı məhsul verməsi üçün onu mütəmadi suvarmaq lazımdır. 
    Hazırda bağında 300-400 göycə ağacına qulluq göstərən Nicat qeyd edir ki, muxtar respublikada əkin-biçin üçün münbit torpaqların bolluğu, su sarıdan qıtlıq olmaması yüksək məhsuldarlığa yol açır. Bağçılıqdan söhbət düşəndə onu da vurğulamaq yerinə düşər ki, əvvəllər ağacları zərərvericilərdən qorumaq və digər aqrotexniki işləri həyata keçirmək üçün lazım olan vasitələr, dərman preparatları çətin tapılırdı. Lakin “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs fəaliyyətə başlayandan bu problemimiz də aradan qalxıb, indi müəssisənin satış mərkəzindən kənd təsərrüfatında istifadə olunan istənilən ləvazimatı sərfəli qiymətə əldə edə bilirik. Məhsulumuzu satmaq üçün də müntəzəm şəkildə yarmarkalar təşkil olunur. Ölkəmizin digər bölgələrindən də Naxçıvan göycəsinə marağın artmasında, ümumiyyətlə, göycə əkin-biçini ilə məşğul olan təsərrüfatçıların həm əməklərinin qiymətləndirilməsində, həm də məhsullarını satıb yaxşıca gəlir götürmələrində muxtar respublikamızda keçirilən ənənəvi “Göycə” festivalları böyük rol oynayır. Müxtəlif bölgələrdə yaşayan həmvətənlərimizin sifarişlərini təmin edəndə fərəhlənirəm. Onu da qeyd edim ki, uğurlarımızın arxasında dövlətimizin yaratdığı əlverişli şəraitlə yanaşı, ailəmizin birliyi də dayanır. Əl-ələ verib əzmlə çalışaraq, bağçılıq sahəsində yenilikləri öyrənib işimizdə tətbiq etməklə özümüzü yaxşı təsərrüfatçı kimi tanıda bilmişik. Budəfəki festivala da cidd-cəhdlə hazırlaşmışıq və inanıram ki, yetişdirdiyimiz məhsulları sərfəli qiymətə sataraq ailə büdcəmizi daha da zənginləşdirəcəyik. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi zəngin meyvəçilik ənənələrinin müasir dövrdə daha da inkişafına geniş imkanlar açıb. 
    Hər il ənənəvi şəkildə keçirilən “Göycə” festivalı isə muxtar respublikamızın bu brend məhsulunun tanıdılması, təbliği, eləcə də bu sahədə yeni təsərrüfatların yaradılmasının stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Siz də müxtəlif növdə göycə məhsullarından ağız ləzzəti ilə nuş edib, doğmalarınıza, yaxınlarınıza Naxçıvanın ləziz sovqatını alıb göndərmək istəyirsinizsə, bu gün və sabah Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək növbəti “Göycə” festivalında iştirak edin. Burada həm də milli musiqimizdən ibarət konsert proqramı, göycədən hazırlanan əl işləri zövqünüzü oxşayacaq. İnanırıq ki, növbəti festival da maraqlı, yaddaqalan olacaq. 

Nail ƏSGƏROV
Güntac ŞAHMƏMMƏDLİ 
Gülcamal TAHİROVA
Aytac CƏFƏRLİ

Nəşr edilib : 03.06.2022 19:58