AZ EN RU

Naxçıvan atletləri Aysu və Əmrah uğurlu seriyanı davam etdirir

Şəkidə kros qaçışı üzrə ölkə payız çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda  paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə məşqçi Samil Hüseynov və 4 idmançımız yarışda iştirak etmək imkanı qazanıb. Təmsilçilərimizdən ikisi mükafatçılar sırasına düşüb.

4 km məsafədə yarışan Aysu Abbasova bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb. Aysuya bu məsafəni qət etmək üçün 19 dəqiqə 9 saniyə yetərli olub. Əmrah Nağıyev isə 10 km məsafədə mübarizə aparıb. İdmançı finişə qədər 37 dəqiqə 32 saniyə vaxt sərf edib və nəticədə ikinci yerə sahib çıxıb.

Qeyd edək ki, adıçəkilən idmançılar il ərzində iştirak etdikləri bütün ölkə çempionatlarında mükakatçı olmağı bacarıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 23.10.2023 18:50