AZ EN RU

Naxçıvan atletindən ardıcıl üçüncü nailiyyət

    Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda, Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika üzrə 25-ci beynəlxalq turnir keçirilib. 
    26-27 may tarixlərini əhatə edən yarışa Azərbaycan, Gürcüstan, İran və Hindistandan olan atletlər qatılıb. Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev 1500 metr məsafəyə qaçış növündə 4 dəqiqə 30.06 saniyəlik göstərici ilə finiş xəttinə rəqiblərindən öndə çatıb və həmin məsafə üzrə qızıl medala layiq görülüb. Bundan əlavə, idmançımız 3000 metr məsafədə (9:26.95) gümüş medal qazanıb. 
    Xatırladaq ki, bu atletimizin may ayı ərzində qazandığı üçüncü uğurlu nəticədir. Atletimiz “Bakı Marafonu-2022”-də (21 km) 2399 idmançı arasında 19-cu, “Parlaq gələcək naminə qaç!” marafonunda isə 3 km məsafə üzrə qalib olub.  

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.05.2022 21:25