AZ EN RU

Naxçıvan Atletika Federasiyası fəaliyyətini günün tələbləri səviyyəsində qurur

Naxçıvan Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iclasda çıxış edən Gənclər və idman naziri Ramil Hacı idmanın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. Bu sahədə davamlılığın təmin olunması məqsədilə ardıcıl işlər görülür, maddi-texniki imkanlar genişləndirilir, müasir idman mühiti yaradılır, idmançıların dünya arenasına çıxışı təmin olunur. Nəticədə, əhalinin, xüsusən də gənc nəslin bu sahəyə olan marağı zaman keçdikcə daha da artır, böyük nailiyyətlər qazanılır. Belə ki, ötən il Naxçıvan idmançıları tərəfindən ölkə və dünya arenalarında 27-si qızıl olmaqla, ümumilikdə, 82 medal əldə olunub. Bütün bunlar Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda uğurla icra olunan dövlət idman siyasətinin bariz nümunəsidir.

İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlərin davam etdirilməli olduğunu vurğulayan Ramil Hacı, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqları diqqətə çatdırıb. Nazir federasiya ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına inamını ifadə edib.

“Atletika Federasiyası ötən müddət ərzində atletikanın muxtar respublikada təbliği və inkişafı məqsədilə bir sıra işlər görüb, atletika, ağır atletika və bədii gimnastika idman növlərinin, o cümlədən atletikanın nüvəitələmə və nizəatma növlərinin inkişafını diqqətdə saxlayıb”, - deyən Naxçıvan Atletika Federasiyasının sədri Rəhman Məmmədov görülən işlər barədə məlumat verib. Bildirilib ki, 5 bədii gimnastika və 1 ağır atletika bölməsi, şəhər və rayon ümumtəhsil məktəblərində 29 atletika və 1 ağır atletika idman klubu yaradılıb, həmin bölmə və klublara fəaliyyətin səmərəli təşkili üçün 375-i gimnastika, 66-sı atletika, 39-u ağır atletika olmaqla, 480 ədəd müxtəlif idman avadanlıqları verilib. Hazırda federasiyada yaradılmış atletika bölmələrində 97 qrupda 1168, bədii gimnastika bölməsində 16 qrupda 225, ağır atletika bölməsində 4 qrupda 51 nəfər olmaqla, ümumilikdə, 1444 atlet və gimnast məşqlərdə iştirak edir. Federasiya üzvlərindən 761-i qız, 683-ü isə oğlandır. Bu idmançılarla 57 məşqçi-müəllim məşğul olur.

Rəhman Məmmədov diqqətə çatdırıb ki, hesabat dövründə 1151-i qız, 1411-i oğlan olmaqla, ümumilikdə 2562 uşaq, yeniyetmə və gəncin iştirakı ilə 88 çempionat, birincilik və turnir təşkil edilib. Atletlərimiz beynəlxalq turnirlərdə 2, Azərbaycan birinciliklərində 3 medal qazanıblar. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən bədii gimnastika kursunu bitirən 15 müəllimə sertifikat təqdim edilib, bu işlərin davamı olaraq Lənkəran şəhərində keçirilən məşqçilər seminarında 1 məşqçi müəllimin iştirakı təmin olunub.

Federasiya sədri cari ildə görüləcək işlərlə bağlı tapşırıqları diqqətə çatdırıb.

Çıxış edənlər muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğıya görə Ali Məclis Sədrinə minnətdarlıqlarını ifadə ediblər.

Federasiyanın sədr müavini İntiqam Rəhimov ötən il ərzində keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra 2021-ci il ərzində müvəffəqiyyət qazanan idmançılar, səmərəli fəaliyyəti ilə seçilən bölmə rəhbərləri və məşqçi-müəllimlər mükafatlandırılıblar.

“Fəaliyyətimizi muxtar respublikada atletikanın bütün növlərinin inkişafı, idmançılarımızın ölkə və beynəlxalq yarışlarda iştirakı, habelə hərtərəfli formalaşmış, rəqabətədavamlı gənclərin yetişdirilməsi yönündə qurmalı, qarşıya qoyulan vəzifələr və idman sahəsindəki tələblərin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində səylər artırılmalıdır”, - deyən Rəhman Məmmədov federasiya üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Nəşr edilib : 29.01.2022 18:11