AZ EN RU

Naxçıvan atleti ölkə çempionatını maksimal nəticə ilə tamamlayıb

    Bakı şəhərində atletika üzrə 39-cu Qış Azərbaycan çempionatı keçirilib. Respublika Olimpiya Mərkəzində reallaşan yarışda idmançılar 60, 200, 400, 800,1500, 3000 metr məsafələrə qaçış, 4x200 metr estafet qaçışı, üç təkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma və nüvə itələmə növləri üzrə yarışıblar. Yarışda Naxçıvan Atletika Federasiyasının üç idmançısı iştirak edib. Onlardan ikisi mükafatçılar sırasına düşə bilib.
    Ölkə və beynəlxalq miqyaslı yarış təcrübəsi olan Əmrah Nağıyev ona bəslənilən etimadı növbəti dəfə doğruldub. Təmsilçimiz qatıldığı 1500 və 3000 metr məsafələrə qaçış yarışlarında finişə birinci çataraq hər iki məsafə üzrə qızıl medala layiq görülüb. 
    Son ölkə birinciliklərinin altıqat qalibi, gələcəyinə böyük ümidlər bəslənilən Aysu Abbasova da medalsız qalmayıb. Aysu 1500 metr məsafədə ikinci, 3000 metr məsafədə isə üçüncü olub. İlk üç yerin sahibləri diplom və medalla təltif ediliblər.

 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 30.01.2023 21:46