AZ EN RU

Naxçıvan atleti Namiq Babayevdən növbəti uğur

Quba rayonunda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Beyləqan, Bərdə, İsmayıllı, Gədəbəy və Naftalandan 200-dən artıq atlet iştirak edib.

Muxtar respublikadan çempionata 4 idmançı qatılıb. Son zamanlar ardıcıl uğurları ilə fərqlənən Namiq Babayev bu dəfə də ümidləri doğruldub. İdmançı 2 km məsafəni 6 dəqiqə 44 saniyə ərzində tamamlayaraq finişə bütün rəqiblərindən öndə gəlib və bu göstərici ilə qızıl medala sahib çıxıb. Emin Abbasov isə 6 km məsafədə gümüş medal qazanıb.

Əlavə edək ki, ölkə çempionatlarının qalib və mükafatçısı Əmrah Nağıyev bu dəfə ilk üçlükdən kənarda qalıb. Atlet 10 km məsafəni beşinci sırada tamamlayıb. Digər təmsilçimiz Elçin Məmmədov (2 km) isə altıncı olub.

 Naxçıvan Muxtar Respublikası Gənclər və 

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.04.2024 12:19