AZ EN RU

Naxçıvan aşıqlarının yaradıcılığında bahar mövzusu

    Muxtar respublikamızda xalqımızın milli-mənəvi dəyərlərinin və dünyagörüşünün təzahür formalarından biri olan xalq yaradıcılığı sahələrinin  yaşadılması və təbliğinə xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı ilə tarixi-mədəni və bədii irsimizin daşıyıcısı olan bu sahələrin  inkişafı, tədqiqi, nəşri və təbliği işi uğurla davam etdirilir. 

    Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qolunu təşkil edən ozan-aşıq sənəti də qədim köklərə malik xalq yaradıcılığı sahələrindən biridir. Naxçıvan aşıq mühiti daim  öz yaradıcı ənənələri və sənətkarları ilə Azərbaycan aşıq sənətinə dəyərli töhfələr verib. Naxçıvanlı aşıqların yaradıcılığında öyüd-nəsihətə, Vətənə, eşq-məhəbbətə, insan və təbiət gözəlliklərinə həsr olunmuş şeirlər daha çoxdur. Təbiət gözəlliklərinin içərisində baharın təsviri mühüm yer tutur. Burada ozan-aşıqlar ya bütövlükdə, şeirini yaza, bahara həsr edir, ya da ayrı-ayrı şeirlərinin bəndlərində bahar fəslinin gəlişi ilə  qəlblərində baş qaldıran kövrək, həzin, eyni zamanda sevinc, məhəbbət dolu duyğularını, düşüncələrini təsvir edirlər. Filologiya elmləri doktoru, professor Yusif Səfərovun müəllifi olduğu “Naxçıvan aşıqları və el şairləri” adlı kitabından istifadə edərək Naxçıvanın saz-söz ustadlarının yaradıcılığında  baharın tərənnümünə dair nümunələri diqqətinizə çatdırmaq istərdim. Belə aşıqlar sırasında Ululu Kərim, Gülalı Məmməd, Aşıq Abbas Dəhri, Aşıq Nabat, Aşıq Yusif, Aşıq Fətulla və digərlərinin şeirləri vardır.
    XIX əsrdə Naxçıvanın Şərur bölgəsində yaşayıb-yaradan ifaçı aşıq Gülalı Məmmədin “Qurban olduğum” qoşmasında  bir aşiqi digər fəsillərdə, eynilə duyğuların dilə gəldiyi baharda da vaxtsız ayrılıq hissi yandırır :

    Bahar olcaq bağçanıza bar gələr,
    Payız olcaq dağınıza qar gələr,
    Səndən ayrı düşmək mənə ar gələr,
    Oyan, gözlərinə qurban olduğum.

    Babək rayonunun Şıxmahmud kəndinə köçüb yaşayan Aşıq Fətulla “İstər könlüm” qoşmasında baharın gəlişi ilə yaranan xoş duyğularını dilə gətirir:

    Baharın xoş fəsli güllər açanda,
    Nərgiz, bənövşəli yaz istər könlüm.
    Tovuz tamaşalı, tərlan duruşlu
    Qəmzəsi can alan qız istər könlüm.

    Şərur rayonunun Parçı kəndində anadan olan Aşıq Nabat 1930-cu illərdə məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. O, yazdığı “Gözəllər” qoşmasında milli bayramımız Novruzun gəlişi ilə yurdumuza baharın qədəm qoymasını aydınca əks etdirməklə, elimizin gözəl qadın-qızlarını təbiət qoynuna çıxmağa, baharın bəxş etdiyi gözəlliklərdən ilham almağa səsləyir.
    Aşıq yaradıcılığında iki və ya daha çox şəxs arasında olan deyişmələr həmişə maraqla dinlənilir. Aşıq Hüseynlə aşıq Nabatın bir deyişməsində aşıq Nabat insanda olması vacib bir sıra xüsusiyyətləri ön plana çəkir və deyir:

    Şair qardaş, sən qələmlə, mən sazla,
    Əlli yaşlı bu bahardan danışaq.
    Min gül açıb Azərbaycan torpağı,
    Tükənməyən arzulardan danışaq.
    Gözəllikdə qənirsizdi bu diyar,
    Sərvəti var, neməti var, varı var.
    Yurdumuzda əbədidir xoş bahar,
    Aradakı düz ilqardan danışaq.

    Muxtar respublikamızın Sədərək rayonunda dünyaya göz açan Aşıq Yusif “Ha düzə-düzə” qoşmasında qarlı qışdan sonra bahar günəşinin daha parlaq saçaraq yurdumuzu nura qərq etdiyini, heyvanların qış yuxusundan oyandığını, torpağın qızdığını, çayda suyun çoxaldığını, çəmənlərin yaşıllığa qərq olduğunu yazır:

    Bahar zirvələrdən qarı endirər,
    Ağır sel yeriyər ha düzə-düzə.
    Çoban tütək çalar qaya başında,
    Hesablar sürünü ha düzə-düzə.

    Ululu Kərimin qoşmalarında Vətən, onun təbii gözəllikləri öz  ifadəsini tapır. Aşıq “Dağlar” qoşmasında dağların gül-çiçəyini vəsf edir, sinəsində yurd salan ağır elləri əzizləyir, yazın xoş keçdiyindən danışır: 

    Hər tərəfin sarı çiçək, ağ çiçək,
    Dəhanında sədəf, yanağı göyçək,
    Çəkər həsrətini top qarabirçək,
    Ayyarım qoynunda yaz olur dağlar.

    Şərur bölgəsinin tanınmış aşıqlarından biri olan Əli Xanxanımoğlu  “Yüz dərdə” təcnisində baharın gözəlliyindən yazır: 

    Üstümüzə gətirmisən bağı, sən,
    Tax boynuna güləbətin bağı, sən.
    Yaz çağında gir seyr elə bağı, sən,
    Süsən-sünbül, qönçə gülü yüz dər də.

    El şairi Yamin Abbasov Culfa rayonunun Qazançı kəndində anadan olub. O, “Əriyər” qoşmasında baharın gəlişi ilə torpağa qulluq etməyin vacibliyini ön plana çəkir, bununla paralel insanlara öyüd-nəsihət verməyi də lazım bilir:

    Bağban gül qəhri çəkməsə,
    Becərib onu əkməsə,
    Bülbül göz yaşı tökməsə,
    Bağça yanar, bağ əriyər.
    Bülbül yazda gələr bağa,
    Uçub qonar şah budağa.
    Yamin, sir vermə alçağa,
    Gözlərində yağ əriyər.

    Bahar mövzulu nümunələrdən çox yazmaq olar. Naxçıvan aşıqlarının yaradıcılığı geniş və çoxşaxəlidir. Belə poetik nümunələr  insanları bəd əməllərdən çəkinməyə, qəhrəmanlıq, cəsarət, alicənablıq, düzgünlük, xeyirxahlıq, müdriklik kimi mənəvi dəyərləri daşımağa  çağırır. Vaxtilə  Naxçıvanda aşıq sənətini formalaşdıran ozan-aşıqların, el şairlərinin yaradıcılığına tez-tez müraciət edərək onları yenidən xatırlamaq, aşıq sənətini yaşatmaq və təbliğ etmək isə bizim borcumuzdur. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 04.04.2022 18:46