AZ EN RU

Naxçıvan 2023-cü ildə bir çox mühüm görüş və tədbirlərə ev sahibliyi etdi

Yeni ildə yeni hədəflərə doğru

2023-cü il ölkəmiz, eləcə də onun Naxçıvan Muxtar Respublikası üçün uğurlu və yaddaqalan keçdi. 2020-ci ildə 44 gün ərzində əldə edilən böyük Zəfər, eləcə də bu il 24 saatdan da az müddətdə həyata keçirilən anti-terror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi.

Prezident cənab İlham Əliyevin 2022-ci il 22 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması muxtar respublikada effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həllində mühüm əhəmiyyət kəsb edir. Bu il muxtar respublikanın inkişafında yeni mərhələnin şahidi olduq. Ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi, eləcə də Prezident cənab İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrlə bağlı mühüm görüş və tədbirlər keçirildi. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin muxtar respublikanın Kəngərli, Şərur, Ordubad, Culfa, Babək, Sədərək, Şahbuz rayonlarına səfərləri sakinlərin müraciətlərinin dinlənilməsi, problemlərinin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə həllinə çalışılması insan amilinin uca tutulması, bütün sahələrdə vətəndaş məmnunluğunun, şəffaflığın və hesabatlılığın təmin edilməsində vacib addımlardan idi.

Bu il muxtar respulikada bir çox sahələrdə quruculuq-bərpa işləri aparılıb, bir sıra təhsil, sahibkarlıq müəssisələri istifadəyə verilib. Bunlara Ordubad rayonunun Xanağa kəndində məktəb, yol, kənd və xidmət mərkəzlərini, rayonun Azadkənd tam orta məktəbini, Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsini, Naxçıvan regional “ASAN xidmət” mərkəzi, Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzini, “Ləzzət Qida Sənaye” MMC-nin tərkibində yeni “Kağız Məhsulları İstehsalı” sahəsini, “Cahan Holdinq”ə məxsus ENNA şirkətinin Naxçıvanda yerləşən enerji və sərinləşdirici içkilər zavodunu, Şərur şəhərində yeni “Yaşıl bazar” ticarət kompleksini, Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksini və sair misal göstərmək olar.

Bu il həm də Naxçıvan Muxtar Republikası üçün bir çox mühüm səfərlər, görüşlər ili oldu. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyətinin, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndə heyətinin, Xarici İşlər Nazirliyinin Kadrlar və Təşkilat-nəzarət idarələrinin rəisləri və ADA Universitetinin məsul əməkdaşlarından ibarət heyətin və bir sıra nazir və nazir müavinlərinin Naxçıvana səfərləri olub.

2023-cü il həm də muxtar respublikada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bir çox elmi-praktiki, beynəlxalq konfranslar, forumların keçirilməsi ilə yadda qaldı. Belə əhəmiyyətli tədbirlər sırasında “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfransı, “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı, “Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda elmi-praktiki konfrans, “Naxçıvandan başlayan yol” mövzusunda konfrans, “Bir millət iki dövlət” forumu, “Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi”, “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzularında və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən tədbirlər, “İbtidai sinif müəllimlərinin Naxçıvan forumu” və digərlərində Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik, xalqımız qarşısındakı, eləcə də elm, təhsil, məhkəmə sistemi və digər sahələrin inkişafındakı misilsiz xidmətlərinə yenidən müraciət edilib.

“Heydər Əliyev İli” çərçivəsində diyarımızda təşkil olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalı, “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”, “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres nəticəsində muxtar respublikaya xarici ölkələrdən tanınmış mədəniyyət, inəcənət, təhsil nümayəndələri, gənclər səfər etdilər ki, bu, qədim diyarın tanıdılmasında əhəmiyyətli addımlar idi. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfransın, Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərliyinin 20 illiyi ilə bağlı “Güclü lider: Müzəffər Ali Baş Komandan”, “Zəfərə gedən 20 il” mövzusunda tədbirlərin təşkili akademik Zərifə xanım Əliyevanın zəngin fəaliyyətini yenidən öyrənmək, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərinə yenidən nəzər salmaq baxımından vacib tədbirlər idi.

Bu il muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində də mühüm tədbirlər həyata keçirildi. Bakıda keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgilərində Naxçıvandan Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin əməkdaşları, sahibkarlar və ailə təsərrüfatçıları iştirak etdi, sərgilərdə ilk dəfə yaradılan Naxçıvan Muxtar Respublikasının pavilyonunda “Orqanik Naxçıvan” brendi təqdim olundu. Naxçıvan şəhərində keçirilən “Aqrofestival” orqanik məhsulların təbliği, xarici bazara ixracının təşkil edilməsi, kənd təsərrüfatı istehsalı vasitələrinin təminatının artırılmasına mühüm töhfə idi. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Muhammad Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü də orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsində, bu sahənin inkişaf etdirilməsində FAO-nun texniki dəstəyinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Bu il həm də sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda görüşü ilə yaddaqalan oldu. Hər iki dövlət başçısının iştirakı ilə Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verəcək. Bir sıra sahələrdə Azərbaycan-Türkiyə sənədlərinin, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalanması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata çıxışıları müxtəlif sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələrinin növbəti mərhələsinin müəyənləşdirlməsində əhəmiyyətli idi. Dövlətimizin başçısı mətbuata çıxışında dedi: “Bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir”. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ordu quruculuğu sahəsində mühüm olan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında da iştirak etdilər.

Ölkə başçısının şəhid ailələrinə, qazilərə göstərdiyi xüsusi diqqət və qayğı muxtar respublikada da davam etdirilir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin Naxçıvan şəhərindən olan şəhid ailələri və qazilərlə görüşü, onların müraciətlərinin dinlənilməsi, həmçinin şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, təkvalideynli uşaqlar, eləcə də fəal kursant və şagirdlərlə görüş, şəhid övladları ilə bayram görüşü, Naxçıvanda yeni yaradılan “Naxçıvan Şəhid Ailələri” və “Naxçıvan Qaziləri” İctimai birliklərinin nümayəndələri ilə görüşün təşkili, şəhid ailəsi və qazilərin mənzillə, avtomobillərlə təmin edilməsi torpalarımızın azadlığı uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızın ailələrinə, müharibədə xüsusi fədakarlıq gösətərərək yaralanmış qazilərimizə verilən dəyərin bariz nümunələridir. Həmçinin muxtar respublikada 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış bulaq-abidələr, eləcə də Zəfər Günündə Babək rayonunda istifadəyə verilən şəhidlər abidə-memorial kompleksi şəhidlərimizin xatirəsinə dərin ehtiramın daha bir ifadəsi, bu sahəyə dövlət qayğısının bariz nümunəsidir.

2024-cü il Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlamətdar olacaq. 2023-cü ildə muxtar respublikamızda kənd təsərrüfatı, səhiyyə, turizm, mədəniyyət, təhsil, ordu qurucluğu və digər sahələrdə həyata keçirilən genişmiqyaslı tədbirlərin yeni ildə davam etdirilməsi, eləcə də ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərin həlli muxtar respublikanın sosial-iqtisadi inkişafına öz mühüm töhfəsini verəcək, Zəngəzur dəhlizinin açılması ilə isə Naxçıvan Azərbaycanın bütün dünya üçün maraqlı bölgələrindən birinə çevriləcək.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

Nəşr edilib : 05.01.2024 16:36