AZ EN RU

NAXÇIVAN ...

Minilliklər əvvəl insanların yaşamağa başladığı qədim və zəngin bir torpaqdır Naxçıvan. Müxtəlif dövrlərin izlərini özündə daşıyır o. İncəsənətlə yeni-yeni tanış olmağa başlayan ilk insanın qaya üzərində oymalarından tutmuş, müasir insanın son texnologiya ilə tikdiyi binalara qədər uzun bir yol keçib. Hər dövrdə başqa bir görünüş, başqa həyat tərzi qazanıb. Hamı və hər şeyin kimliyini itirdiyi bu dövrdə mayasındakı doğmalığı, müqəddəsliyi qoruyub saxlaya bilib.

Bu gününü qiymətləndirə bilmək üçün keçmişinə bələd olmalısan Naxçıvanın.. Tarix kitablarında oxuduqların, fotolarda baxdıqlarınla yox, addım-addım tanımalısan onu. Bunun üçün “Gəmiqaya”nı gəzib, “Əcəmi ”seyrangahında dincəlməlisən. “Xan Sarayı”nda xanların Naxçıvana baxışı ilə baxmalısan bu yurda. “Möminə Xatun” zərafətini duymalısan. “Əlincəqala”da mərdliklə vuruşanların cəsarətini hiss etməlisən qəlbində. Memar Əcəmi toxunuşu ilə dəyməlisən onun torpağına. Hər daşını, hər addımını şah əsərinə döndərməlisən. “Əshabi-Kəhf” müqəddəsliyinə sahib olan torpağa yağı ayağı dəydirməməli, düşmən nəfəsi toxundurmamalısan. Canın naminə qorumalı, özündən sonraki nəsillərə daha gözəl ötürməlisən. Bütün bunlar üçünsə onu bütün qəlbinlə sevməli, ömrünü onun yolunda fəda etməlisən.      

Fərqli dövrlərdə ona rəhbərlik edənlər də bu “qaydalar”ı bilib, ona riayət ediblər sanki. İllər keçdikcə Naxçıvanın daha da gözəlləşməsinin səbəbi budur bəlkə də.

 Nuhun gəmisinin dayandığı, tufandan sonra yer üzündə həyatın yenidən başladığı yerdir Naxçıvan. Dünya tarixində mühüm rol oynayan, bir çox kəşflərin banisi və ən nəhayət türk xalqlarının ulu əcdadı olan şumerlərin yurdudur. Nə qədər qədim, uludursa, o qədər gəncdir Naxçıvan. Yenilənən dünyaya ayaq uyduran, inkişaf edən, böyüyən, günü-gündən daha da gözəlləşən yerdir. Keçmişini sahiblənən, bu günün  reallıqlarına, fərqli inanclara, fərqli ənənələrə, mədəniyyətlərə qucaq açan diyardır. Sülhün tərəfdarı, varlığına, bütövlüyünə əl uzadanın qənimidir o. Ərlərin, ərənlərin vətəni, xanım-xatun qadınların dədə yurdudur Naxçıvan. Sədaqət, cəsarət, mərdlik simvoludur..

Belə bir torpaqda doğulmaq, böyüyüb boya-başa çatmaq da İlahinin qismətidir əslində. Hər insana nəsib olmayan bir yazıdır. Mayanda bir parça bu torpaqdan varsa, dünyanın harasına gedirsənsə get, ona bağlı yaşayırsan. Aldığın nəfəsi onunla alıb-verirsən. Həsrəti ən ağır yer, vüsalı ən şirin torpaqdır Naxçıvan. Havası, suyu, insanı bir başqadır. Əvəzolunmaz diyar, cənnət məkandır Naxçıvan. Sevgisi ən müqəddəs, qəzəbi ən dəhşətli olandır..

Bütün bunlara görə də əzbərlənmiş cümlələrə sığdırmamalısan onun əzəmətini. Sevgini adi sözlərlə dilə gətirməməli, vərəq-vərəq yox, kəlimə-kəlimə, hərf-hərf yazmalısan möhtəşəmliyini. Üstəlik səmimiyyət, məhəbbət olmalıdır yazdıqlarında. Adiliyi, bəsitliyi sevmir Naxçıvan. Özü kimi unikal, əvəzsiz təsvirə, hüdudsuz sevgiyə layiqdir o ..

Əziz dost, yəqinki cümlələrimdəki hisləri duya bilirsən. Yazarkən gözümün qabağında canlandırdıqlarım sənə də ayan olur. Əgər hislərimi az-çox sənə də ötürə bilirəmsə, məni anlayırsan demək. Bağışla ki, daha mükəmməl ifadə edə bilmirəm onu. Öz gözümdən tam olaraq göstərə bilmirəm sənə. Amma Naxçıvanı tanıyır, onu bilirsənsə, deməli özün duyursan deyə bilmədiklərimi də..

20 ildən artıqdır tanışıq onunla. Naxçıvan mənim, mən onun böyüməsinin şahidi olmuşuq. Küçə-küçə öyrənmişəm onu bu illər ərzində. Demək olar ki, heç ayrı qalmamışıq onunla. Yağışında-qarında, istisində- soyuğunda, dağında-aranında tanıyıb sevmişəm onu. Bələd olmuşam dolanbaclı yollarına. O da məni tanıyıb, öyrənib əslində. Ən yüksək nöqtəsində yağışına qatmışam gözümün yaşını. Sevincimə ortaq etmişəm. Həyatımın hər addımına şahid olub o da. İlk sevgim, ağrılı ayrılıqlarım, vüsalım, son məhəbbətim onunla olub, onda olub..

Tanrı insanı palçıqdan yaradıbmış deyirlər. Mənim torpağımı da Naxçıvandan götürüb yəqin. Ona görə ömrümü də onla bir yazıb. Böyüyüb kökləndikcə rişələrim qoynuna dolanıb. Getdikcə daha da qüvvətlənib bağımız, bağlılığımız. İndi aramızda məsafələr olsa da bu rişələrdən can alıb, qol-budaq atıram. Onun havası suyudur məni bəsləyib,”böyüdən”. Buna görə də yaxşı tanıyırıq bir-birimizi. Hamıdan, hər şeydən çox bəlkə də..

Sevgi körpə uşağı necə daha sağlam, özünəinamlı böyüdürsə, Naxçıvan da elə “böyüyüb”. Hər zaman diqqət və qayğı əhatəsində olub. Xüsusən də ötən əsrin 90-cı illərindən sonra Milli Lider Heydər Əliyevin gəlişi ilə dirçəldi Naxçıvan. Sonraji hər il yalnız müsbətə doğru irəlilədi. Elm və təhsil, səhiyyə, iqtisadiyyat, sosial inkişaf, turizm, mədəniyyət, kənd təsərrüfatı və digər bütün sahələrdə əhmiyyətli dəyişiklik hiss olunmağa başladı. Ulu öndərin əsasını qoyduğu siyasət davam və inkişaf etdirildi. Hər il ötən illə müqayisədə bir neçə dəfə artım qeydə alındı. Bütün bunların sayəsində Naxçıvan yalnız ölkə deyil, dünya miqyasında tanınaraq, bir çox tədbirlərə ev sahibliyi etməyə başladı. Ələlxüsus da son on ildə bu tendensiya genişləndi. İslam Mədəniyyətinin Paytaxtı, “Avropa Günləri”nin, beynəlxalq idman yarışlarının ev sahibi kimi minlərlə qonaq qarşıladı. Üzüağ çıxdığı bu sınaqlardan sonra isə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edən Naxçıvan əminəm ki, bu missiyanı da yüksək peşəkarlıqla yerinə yetirəcək..

Ulu Naxçıvan.. Sənə bundan sonraki “ömründə” də sevgi, diqqət, inkişaf diləyirəm. Yaşa, yaşat, var ol, əzizim. Sən yaşa ki, səndən can alanlar da yaşasın ..

                              Səriyyə ALMƏMMƏDOVA jurnalist

Məqalə

“Könlüm Naxçıvan” yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür

Nəşr edilib : 30.09.2022 16:57