AZ EN RU

Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində silsilə tədbirlər keçiriləcək

Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq tapşırıq və göstərişinə uyğun olaraq, 26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bu barədə Dövlət Komissiyasının işçi qrupundan məlumat veriblər.

Qeyd olunub ki, həmin tədbirlər sırasına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq mətnli SMS bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC arasında imzalanmış tədbirlər planının 11-ci bəndinə müvafiq olaraq, antinarkotik təbliğat işlərinin sosial şəbəkələr vasitəsilə aparılması məqsədilə mövzu ilə əlaqədar müxtəlif həştaqlarla sosial aksiyaların həyata keçirilməsi, Azərbaycan Gənclər Fondu ilə imzalanmış tədbirlər planının 7-ci bəndinə müvafiq olaraq, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə könüllülər üçün təlim və seminarların təşkili daxildir.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə imzalanmış tədbirlər planının 15-ci bəndinə müvafiq olaraq, valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici seminarların keçirilməsi, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrində “Biz narkotikə yox deyirik” mövzusunda seminarların və ictimai mühazirələrin təşkil edilməsi planlaşdırılır.

Eləcə də, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının, maarifləndirici videoçarxların ölkə üzrə bir sıra küçə və prospektlərdə mövcud elektron reklam lövhələrində və “Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi, Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planının 26-cı bəndinə müvafiq olaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirlərin mediada, o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılması təmin ediləcək.

Nəşr edilib : 13.06.2024 12:23