AZ EN RU

Nakam ömrün qəhrəmanlıq zirvəsi

İbrahim Səməd oğlu Vəlizadə

11.06.1998- ∞

İbrahim ağlı, kamalı, savadı, iradəsi bütün müsbət keyfiyyətləri ilə ailəmizə dünyanı bağışlamışdı. 27 sentyabrda başlayan Vətən müharibəsi onu bizdən alıb apardı. İbrahimdən başqa üç oğlum da var. Ancaq yenə də İbrahim, İbrahim, İbrahim...

Hərbi liseydən gələndə gülə-gülə girərdi evə. Əvvəlcə balaca qardaşı Vurğunu qucaqlayıb öpərdi. Boynuna alar, onu əzizləyərdi. Deyirdim ki, ay İbrahim, bəs mən qaldım burada axı. Sonra məni qucaqlayırdı. Dayanmadan öpürdü. Deyirdi ki, ana, uşaqların çoxu yaxşı qiymət ala bilmədilər. Ona görə də onları evlərinə buraxmadılar. Amma mən çalışıb yaxşı qiyməti aldım ki, gəlib sizi görüm, sizin yanınızda olum.
Heç vaxt liseydən və ya akademiyada dərslərinin ağırlığından şikayət etmədi. Nə vaxt soruşurduq, elə deyirdi ki, hər şey yaxşıdır. Bir imtahanı çətin olanda deyirdi ki, ana, mənə dua elə imtahandan yaxşı qiymət alım. Bir də deyirdi ki, ana, az qalıb iki ulduzumu alam. İki ulduzunu aldı. Şəmkirin Seyfəli kəndində başladı İbrahimin xidməti. Heç yorulmurdu, şikayət etmirdi. 
AHM-dən gələndə çantasını yerə qoyub boynuma sarıldı. Dedi ki, ana, seçim qarşısında qaldım, sənə heç nə ala bilmədim. Bilmədim anam nəyi bəyənər, nəyi bəyənməz. Baxın, mənə belə dəyər verirdi. İbrahimin o sözü, o nəvazişi ölənə qədər mənim yadımdan çıxmaz.
Hər zaman zəng vuranda deyirdim ki, ömrüm, günüm, həyatım. Deyirdim ki, nə yaxşı mənim sənin kimi oğlum var. Həmişə gülürdü. Cavab verirdi ki, ana, Allah sənə kömək olsun. İndi də balamı əvvəl necə sevələyirdimsə, eyni sevələyirəm. Deyirəm ki, ay mənim igid balam, cəsur balam, qorxmaz balam, haradasan? Axı evimiz, eşiyimiz sənsiz qalıb...
Deyirlər ki, ümidlər sonda ölür. Mənim ümidim hələ də var. Elə bilirəm, elə hiss edirəm ki, İbrahim sağdır. Mən bu gün elə ona görə yaşayıram. Yaşayıram ki, birdən İbrahim gəlsə, məni görsün. Gələr məni görməz, onda İbrahim necə dözər? 
İbrahimin atası da mənim kimi intizar çəkir. Amma qürurluyuq. Qürurluyuq ki, İbrahim kimi oğulun valideynləriyik. Elə bir övlad böyütmüşük. Qürurluyuq ki, İbrahim canından çox sevdikləri uğrunda canını fəda etdi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin!

Nəşr edilib : 21.05.2024 11:44