AZ EN RU

“Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin qalibləri mükafatlandırılıb

    Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on altıncı tirajının qalibləri müəyyənləşib. 2021-ci ilin ikinci yarım ilində daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
    Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək bildirib ki, 2014-cü ildən başlayaraq bu günə kimi keçirilən 15 tirajda 4302 vətəndaşa 265 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 16-cı tirajında isə daha 431 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim olunacaq. Beləliklə, bu kampaniya vasitəsilə, ümumilikdə, hədiyyə qazananların sayı muxtar respublika üzrə 4733 nəfər olacaq.
    Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Emin Quliyev diqqətə çatdırılıb ki, 1 yanvar 2022-ci il tarixə muxtar respublika üzrə bankomatların sayı 112 ədəd olub, ödəniş terminallarının sayı isə 2021-ci ildə 31 ədəd artaraq 110-a çatdırılıb. Həmçinin ilkin mərhələdə 2021-ci ilin sonuna 18 ədəd MilliÖn terminalı quraşdırılıb.
     Nəzərə çatdırılıb ki, 2021-ci il ərzində POS-terminal, internet  və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 119 milyon 48 min 435 manat olub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 29 milyon 649 min 929 manat çoxdur. 
    “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti idarə heyəti sədrinin müavini Rafiq Xəlilov hədiyyə qazananları təbrik edərək vurğulayıb ki, “Naxçıvanbank” tərəfindən bankın plastik kartlarından istifadə edən vətəndaşlar üçün  nağdsız ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə  geniş əhali təbəqəsini əhatə edən stimullaşdırıcı tədbirlərin keçirilməsi nəzərdə tutulub. 
    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin rəisi Rəşad Əliyev çıxışında nəzərə çatdırıb ki, qaliblər müəyyən edilərkən 400 manatdan yuxarı həcmdə nağdsız ödənişlər aparan və POS-terminallardan daha çox istifadə edən şəxslərə üstünlük verilib. Həvəsləndirici tədbirin budəfəki tirajında Naxçıvan şəhər sakininə qiymətli hədiyyələr təqdim olunacaq.
    Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr, “Naxçıvanbank”ın plastik kartlarından istifadə etməklə hədiyyə qazanan sakinlərə bank tərəfindən muxtəlif xatirə hədiyyələri verilib.
    Qeyd edək ki, analoji tədbirlər muxtar respublikanın bütün rayonlarında da keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 
mətbuat xidməti

Nəşr edilib : 02.02.2022 18:18