AZ EN RU

Nağdsız ödənişlərin üstünlükləri izah olunub

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə kənd mərkəzlərində nağdsız ödəniş xidmətlərinin tətbiqi və POS-terminallardan istifadənin üstünlükləri mövzusunda tədbirlər keçirilib.
     Çıxışlarda nəzərə çatdırılıb ki, müasir dövrümüzdə ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsilə rahat və təhlükəsiz qaydada kommunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçürülməsi və digər bank xidmətlərinin həyata keçirilməsi mümkündür. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş kartları üçün “CİB”, “Beynəlxalq Bank” ASC-yə məxsus ödəniş kartları üçün “İBA-mobile”, “Kapital Bank” ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil tətbiqindən istifadə etməklə sadalanan xidmətlərdən rahat yararlanaraq ödənişləri nağdsız qaydada və vaxta qənaət etməklə yerinə yetirmək olar.
    Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində nağdsız ödəniş vasitələrinin həcminin artırılması daim diqqət mərkəzində saxlanılmaqla nağdsız ödəniş avadanlıqları Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yerlərində quraşdırılır, bu vasitələrə əhalinin əlçatanlığı təmin edilir. Nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması nəticəsində əhalidə nağdsız ödənişlərə maraq daha da artır, belə ödənişlərin əhatə dairəsi genişlənir. Belə ki, 1 noyabr 2022-ci il tarixə əsas ödəniş alətlərindən olan POS-terminalların sayı 1737, bankomatların sayı isə 120 ədəd təşkil edib. Həmçinin muxtar respublika üzrə ödəniş terminallarının sayı 181 ədəd olub. Qeyd edilən tarixə nağdsız ödənişlərin həcmi 168 milyon 196 min 405 manat olub. Ödənişlərin 42 milyon 581 min 787 manatı POS-terminallar, 125 milyon 614 min 618 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
    Bildirilib ki, nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisini aradan qaldıran və sosial əhəmiyyətli üstünlüklərə malikdir. Muxtar respublikada nağdsız dövriyyənin artırılmasında, xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu yolla nağdsız əməliyyatların genişləndirilməsinə nail olmaq məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayonlarında da keçirilir. Bu stimullaşdırıcı tədbirlərdə, ümumilikdə, keçirilən 16 tirajda 4733 vətəndaşa 290 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.
    Keçirilən tədbirlərdə sakinləri maraqlandıran suallar cavablandırılıb və “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlərin maarifləndirici bukletləri iştirakçılara paylanılıb.
    Qeyd edək ki, belə tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Pro­qram”ın icrası ilə əlaqədar təşkil olunur.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 30.11.2022 20:24