AZ EN RU

Muzeyşünas kadrların yetişdirilməsində müstəsna rol oynayan Naxçıvan Dövlət Universiteti

    Hər bir ölkənin mənəvi dəyərlərini bir araya gətirən, onu təbliğ və mühafizə edən muzeylər həm də maarifləndirici müəssisə, mədəniyyət ocağıdır. Ölkəmizdə də mühüm dəyərləri özündə ehtiva edən muzeylərin cəmiyyətimiz üçün nə dərəcədə əhəmiyyətli olması hamıya məlumdur. Muzeylərin zənginləşdirilməsi və mühafizəsi nə qədər vacibdirsə, gələcəkdə bu sahədə fəaliyyət göstərəcək muzeyşünas kadrların yetişdirilməsi də bir o qədər əhəmiyyətlidir. Bu baxımdan uzun illərdir muxtar respublikamızda fəaliyyət göstərən muzeylərin ixtisaslı kadrla təmin olunmasında Naxçıvan Dövlət Universiteti Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının rolu danılmazdır. Gələcək mütəxəssislərin hazırlığında kafedrada yüksəkixtisaslı mütəxəssislər tərəfindən 59 müxtəlif fənn üzrə tədris prosesi həyata keçirilir. Tədris prosesi, kafedranın iş istiqaməti və gələcək perspektivlər haqqında məlumat almaq məqsədilə Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müəllim və tələbələri ilə həmsöhbət olduq. 
    Ali təhsil ocağında kafedranın yaradılması tarixi, keçdiyi inkişaf yolu və tədris prosesinin gedişatından Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri Məmməd Əliyev məlumat verir: “Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrası 2012-ci ildə yaradılmış, hazırda 11 əməkdaş fəaliyyətini davam etdirir. Gənclər bu sahənin mütəxəssislərindən – elmlər doktorları, fəlsəfə doktorları və Əməkdar müəllimlərdən dərslər alırlar. Müəllimlərimiz fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə edirlər. Tələbələrimizin nəzəri biliklərlə yanaşı, praktiki təcrübələr əldə etməsi məqsədilə tələbələrə müxtəlif müəssisələrdə açıq dərslər, mühazirələr, dəyirmi masalar, konfrans və görüşlər, təcrübələr keçirilir. Universitet rəhbərliyi də öz diqqətini kafedramızdan əskik etməyib. Ötən il fakültəmizdə Arxiv işi və muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin peşə bacarıqlarının təcrübədə möhkəmləndirilməsinə xidmət edəcək muzeyşünaslıq kabinəsinin açılışı olub. Kabinənin əyani vəsaitlərlə təmin edilməsində tələbələr yaxından iştirak edərək buraya 100-ə yaxın eksponat təqdim ediblər. Tələbələrimiz təhsillərinin son ilində istehsalat təcrübələri çərçivəsində müxtəlif müəssisələrin iş prosesində iştirak edərək öz bilik və bacarıqlarını təkmilləşdirirlər. Gələcək illərdə Muzeyşünaslıq ixtisasının inkişafı istiqamətində tələbələrimiz üçün daha maraqlı layihələr təqdim etməyi planlayırıq. 
    Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının gənc müəllimi Sevda Ocaqquliyeva ilə də həmsöhbət olduq. Onun dediklərindən: – Əsas fəaliyyət istiqamətimiz ölkəmiz, xüsusən də muxtar respublikamız üçün bu sahədə yüksəkixtisaslı kadrlar yetişdirməkdir. Kafedramız muzeyşünaslıq istiqaməti üzrə həm də elmi-tədqiqat mərkəzidir. Burada elmi nəşr, dərslik və digər tədris vəsaitlərinin hazırlanması istiqamətində tədbirlər keçirilir. Muzeyşünaslıq yeni bir elmdir. Bu baxımdan tədris prosesində bəzi fənlərdə dərsliklərlə əlaqədar  problem yaşayırıq. Bir müəllim kimi bu problemin həlli üzərində çalışaraq əməkdaşlıq etdiyimiz digər universitetlərdə olan Muzeyşünaslıq kafedraları ilə bununla bağlı müzakirələr aparır, yeni dərsliklərin sayının artırılmasına çalışırıq. Artıq bu problem öz həllini tapmağa başlayıb. 
    2022-ci ildə fakültəmizdə muzeyşünaslıq kabinəsinin zənginləşdirilməsində tələbələrimizin xüsusi rolu olmuşdur. Mədəni dəyərlərimizi əks etdirən müxtəlif eksponatların kabinəyə gətirilməsi ilə yanaşı, sənədləşdirilməsi də bilavasitə tələbələrin iştirakı ilə həyata keçirilir. Tələbələr dərs zamanı sənədləşdirmə prosesi haqqında nəzəri olaraq öyrəndiklərini bu kabinənin qurulması ilə artıq praktiki biliklərə sahib olurlar. Eyni zamanda açıq dərslər, dəyirmi masalar, kitab müzakirələri, müxtəlif tarixi-mədəniyyət abidələrimizə təşkil olunan ekskursiyalar da kadr potensialının hazırlanmasında görülən mühüm addımlardan bir neçəsidir.
    Muzeyşünaslıq ixtisasının gələcək perspektivləri genişdir. Gənc elm olması ilə yanaşı, dövrün tələblərinə cavab verməyə uyğun olan bir elmdir. Maddi dəyərlərimiz muzeylərdə necə təbliğ olunur, turistlərə, qonaqlara necə nümayiş etdirilirsə, düşünürəm ki, eynilə sosial şəbəkələrdə də geniş şəkildə təbliğ oluna bilər. Bunun üçün bizimlə yanaşı tələbələrin üzərinə böyük iş düşür. Bununla biz maddi mədəniyyət abidələrimizi, mədəni dəyərlərimizi, tariximizi dünyaya tanıtdıra bilərik. 
    Digər müsahibimiz Muzey, arxiv işi və tarixi abidələrin qorunması ixtisası üzrə II kurs tələbəsi Çimnaz Nəcəfli oldu. O bildirdi ki, Muzeyşünaslıq ixtisasını bitirən gənclər muzeylərimizi ziyarət edənlərə yalnız eksponatları təqdim etmir, həm də böyük bir tarixi qoruyub-saxlayaraq gələcək nəslə ötürür. Mən gələcəyin muzeyşünası kimi mədəni irsimizi gənc nəslə aşılamağa çalışacam. Müsahibim qeyd etdi ki, yaradılan Muzey təbliğatçıları dərnəyinin üzvü kimi keçirilən tədbirlərdə yaxından iştirak edərək biliyimi artırıram.

Bülbül QULİYEVA
Aysel YUSİFZADƏ

Nəşr edilib : 17.05.2023 19:57