AZ EN RU

Muzeylər tariximizin yaddaş kitabıdır - FOTOLAR

18 may – Beynəlxalq Muzeylər Günüdür

  Muzeylər xalqımızın tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini, ədəbiyyatını, ictimai fikrini, mübarizə epopeyasını əks etdirməklə ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Maddi-mənəvi dəyərlərin saxlanc yerləri olan muzeylər ötüb keçən zamanın şahidi, tarixin bütün dövrlərinə bələdçilik edib tanıdan, təbliğ edən, yaşadan, sevdirən  mədəniyyət ocaqlarıdır. Bu gün respublikamızın bütün bölgələrini əhatə edən muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malikdir.  
    YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi Qərara əsasən 18 may bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu bayram, bir qayda olaraq, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Bu günün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini mədəni irsə cəlb etməklə, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək göstərməkdən ibarətdir.
    Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan vermiş, ilk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunmuşdur.
    Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və təbliği məsələlərini daim diqqətdə saxlamışdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsinə böyük əhəmiyyət vermişdir. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə,  bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış mədəniyyət ocaqlarındandır. Ötən əsrin 70-ci illərindən etibarən respublikada muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil almış və yüzdən çox muzey yaradılmışdır. Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri, xatirə muzeyləri təşkil edilmişdir. Əgər 1969-cu ilədək Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, Ümummilli Liderin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılmışdır.
    “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”, – deyən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində də muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” Qərar qəbul edilmişdir. 2000-ci ildə qəbul edilən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir.
    “Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Ölkəmizdə 200-dən çox muzeyin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” bu sahənin hüquqi bazasının formalaşmasına, dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrin genişlənməsinə imkan yaratmışdır. Eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının gerçəkləşdirilməsi məqsədilə Prezident cənab İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulmuşdur. 
    Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya irsi siyahısına daxil edilmişdir.
    Muxtar respublikamızda da muzey işinin özünəməxsus inkişaf tarixi vardır. 1896-cı ildə böyük yazıçı və dramaturqumuz Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi mədəniyyət nümunələrinin toplandığı muzey yaratmışdır. Azərbaycan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli Qərarına əsasən Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi təşkil edilmişdir. 1926-cı ildə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. 
    Müstəqillik illərində ölkəmizin hər bir bölgəsində olduğu kimi, muxtar diyarda da muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülmüş, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapmışdır.
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxşi iştirakı ilə Bəhruz Kəngərli Muzeyi və Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı olmuş, dahi rəhbərin adını daşıyan ilk muzey Naxçıvanda yaradılmışdır. Dövlət başçısının muzey işinin yaxşılaşdırılması və regionlarda fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmiri və fəaliyyətinin təmini üçün atdığı addımların nəticəsi olaraq canlı tarix muzeyi olan Naxçıvanda son illərdə  Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu və Muzeyi üçün bina istifadəyə verilmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xalq şairi Məmməd Arazın ev-muzeyi, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan şəhərində Xatirə Muzeyi, Şərur rayonundakı Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin yeni binaları, həmçinin Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyi, Naxçıvan Duz Muzeyi fəaliyyətə başlamış, Əlincə-qalada bərpa işləri aparılmış və burada muzey yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 may tarixli Qərarı ilə  Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında  müstəsna rolunu nəzərə alaraq Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilmişdir.
    Hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 130 minə yaxın eksponat toplanmışdır. Muzey fondlarının mütəmadi  zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Ötən il muxtar respublikanın muzeylərinə 1125 yeni eksponat daxil olmuş, təkcə bu ilin 4 ayında muzeylərimiz 594 yeni eksponatla zənginləşdirilmiş, ötən dörd ay ərzində 150 minə yaxın şəxs muzeylərimizi ziyarət etmişdir. Bu gün muxtar respublika sakinlərinin evlərində olan qədim maddi mədəniyyət nümunələrinin muzeylərə təqdim etməsi, muxtar diyarda yaşayıb fəaliyyət göstərən incəsənət nümayəndələrinin öz əsərlərini muzeylərə bağışlama  ənənəsi var ki, bu da muzey fondlarının zənginləşdirilməsinə xidmət etməklə, tarixi-mədəni irsimizin qorunması və təbliğinə şərait yaradır. 
    Muxtar diyarda fəaliyyət göstərən muzeylərdə mütəmadi olaraq Azərbaycanın tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətlərimizlə bağlı açıq və interaktiv dərslər, görüşlər, dəyirmi masalar, kitab müzakirələri, mühazirələr  təşkil olunur, sərgilər qurulur, uşaq və yeniyetmələrin, gənclərin muzeylərlə əlaqələrinin möhkəmləndirilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Naxçıvanda bir sıra muzeylərin internet saytının istifadəyə verilməsi muzey ekspozisiyalarını internet üzərindən virtual olaraq birbaşa izləmək imkanı yaradır. Həmçinin muxtar respublikadakı muzeylərin onlayn fəaliyyəti təşkil edilmiş, keçirilən ekskursiyalar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarından onlayn formada yayımlanmışdır. Muxtar respublikadakı muzeylərdə çalışan muzey işçilərinin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, onlar fəxri adlara layiq görülmüş, medallarla təltif edilmişdir.
    30 illik işğala son qoyub əzəli və əbədi torpaqlarımızı azad etməklə tarixi qələbəyə imza atan Azərbaycan illərboyu mənimsənilib talan edilən mədəni və tarixi irsimizin də işğalına  son qoydu. İllərboyu tarixi abidələrimizi, muzey binalarını dağıtmaqla kifayətlənməyən mənfur qonşular işğalın son gününə qədər  xalqımızın tarixi yaddaşını yox etmək, torpaqlarımızda türk-Azərbaycan mədəniyyətinin izlərini silmək üçün qiymətli eksponatları dünyanın sənət sərgilərinə öz adları ilə çıxarıb, mənimsəməkdən də utanmamışlar. Ermənilər tərəfindən işğal dövründə 22 muzeyimiz məhv edilmişdir. Tarixi mədəni irsin, eləcə də muzeylərimizin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan ölkə başçısı cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın qayğısı sayəsində Qarabağda muzeylər, tarixi abidələr intibah dövrü yaşamağa başlamış, mədəni irsimizin bərpası və mühafizəsi əsas prioritetlərdən biri olmuşdur. Dağıdılmış muzeylərlə yanaşı, yeni muzeylərin də yaradılması, Xalq artisti Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Milli Xalça Muzeyinin Şuşa filialının, Mehmandarovların malikanəsinin  tarixi ənənələri, milli memarlıq xüsusiyyətlərini yaşatmaqla qurulub  istifadəyə verilməsi, Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində, Pənahəli xanın sarayında və digər tarixi, mədəni abidələrimizdə aparılan təmir-bərpa işləri ölkəmizdə muzey işinə verilən dəyərin sübutudur.
    Bu gün Ulu Öndərin yolu ilə gedərək istənilən sahədə inkişafa, uğurlara imza atan Azərbaycanın bütün nailiyyətlərinin təməlində milli-mənəvi dəyərlərimizə bağlılığının dayandığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 may tarixdə Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan xalqına müraciət edərkən demişdir: “Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk”. 
    Öz tarixi dəyərlərinə bağlı, milli-mənəvi dəyərlərini sevən, tanıyan, təbliğ edən gəncliyin, gələcəyin yetişdirilməsində, heç şübhəsiz, mədəniyyət ocaqlarının, muzeylərin üzərinə böyük məsuliyyət düşür. Muzeylər tarixi xəzinəmizi qoruyub saxlamaqla yanaşı, təbliğinə diqqəti artırmalı, uşaq,yeniyetmə və gənclərin milli ruhda böyüməsinə öz töhfəsini verməlidir.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.05.2023 20:05