AZ EN RU

Muzeylər diyarı – NAXÇIVAN

Xalqımızın qədim tarixini, mədəniyyətini, milli dəyərlərini özündə qoruyub saxlayan muzeylərlə zəngindir diyarımız Naxçıvan. Özünəməxsus inkişaf yolu keçən belə mədəniyyət müəssisələri özündə tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyaları və sənət nümunələrini mühafizə edir. Hazırda muxtar respublikada 1 rəsm qalereyası, 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Həmin ünvanlarda xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 128 minə yaxın eksponat toplanıb. Muzeylər həm də xarici qonaqların ən çox ziyarət etdikləri turistik məkanlardır.

Muxtar respublikada ilk muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə 1896-cı ildə Nehrəm kənd məktəbində təşkil olunan tarix-diyarşünaslıq muzeyidir. Digər bir muzey isə Azərbaycan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli Qərarına əsasən yaradılan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi olub. Hazırda Naxçıvan Dövlət Tarix Muzeyi kimi fəaliyyətini davam etdirən muzey qədim insanların yaşayışı, məişəti, adət-ənənələrini, bir sözlə, tarixin bütün dövrlərinə aid maddi mədəniyyət nümunələrini qoruyub saxlayır. Bu il 100 yaşını qeyd etdiyimiz muzey Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixini özündə yaşadan canlı salnamə rolunu oynayır. 

Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin həyatının, zəngin ictimai-siyasi fəaliyyətinin öyrənilməsini, toplanmasını, mühafizəsini, təbliğini həyata keçirən muxtar respublika əhəmiyyətli mədəniyyət və elmi-tədqiqat müəssisəsidir. Muzey 10 may 1999-cu ildən fəaliyyətə başlayıb və 2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulub. Muzeyin 2006-cı il dekabrın 20-də Prezident cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilib. Muzeydə Ümummilli Liderin Azərbaycana rəhbərliyinin dövründə Naxçıvan Muxtar Respublikasının inkişafı ilə əlaqədar qəbul etdiyi müxtəlif rəsmi sənədlər, dahi liderin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi illərdə qəbul etdiyi Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edən qərarlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ümummilli Liderin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər nümayiş olunur. Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki rolunu, zəngin fond eksponatlarını, muxtar respublikanın həyatında  müstəsna rolunu nəzərə alaraq Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilib. Ümummilli Lider Heydər Əliyev Naxçıvan şəhərində yerləşən realist rəssamlığın banisi Bəhruz Kəngərlinin adını daşıyan Bəhruz Kəngərli Muzeyi və görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin adını daşıyan ev-muzeyinin açılışında iştirak edib.

Naxçıvan şəhərində turistlərin ilk ziyarət etdikləri mədəniyyət ocaqlarından biri də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksidir. Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan Möminə xatın türbəsi görünüşü, tikilişi, üzərindəki ornament və naxışlarla ilk baxışdan diqqəti cəlb edir. Qadın ucalığını, əzəmətini özündə yaşadan türbənin ətrafında daş abidələr, qoç heykəllər görənləri Naxçıvanın qədim tarixi, mədəniyyəti ilə yaxından tanış edir. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi isə Naxçıvan xanlarının iqamətgahı kimi qədim dövlətçilik tariximizi öyrənmək baxımından mənbə rolunu oynayır.

Culfa rayonu ərazisində yerləşən Əlincəqala turistlərin ziyarət etdiyi digər abidələrdən biri kimi qiymətlidir. Onu dünyanın məşhur  Machu Picchu qala şəhəri ilə müqayisə edirlər. Əmir Teymurun 14 il işğal edə bilmədiyi bu qala öz möhkəmliyi və  quruluşu ilə görənləri heyran edir. Qalanın yanında “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yerləşir ki, bu muzey məhz Əlincəqalanın tarixini özündə əks etdirən dəyərli eksponatlarla zəngindir.

Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşən Dövlət Bayrağı Meydanı və Muzeyi isə zəngin dövlətçilik tariximizi özündə qoruyub saxlamaqla bir daha Naxçıvanın Azərbaycanın müstəqilliyi yolunda böyük roluna diqqəti çəkir. Burada nümayiş olunan Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları dövlətçilik tariximizi, Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə geniş imkanlar yaradır.

Müxtəlif illərdə muxtar respublikamızın rayonlarında yaradılan tarix-diyarşünaslıq muzeyləri və görkəmli şəxsiyyətlərin adını daşıyan ev-muzeyləri qədim tariximizə, milli-mədəni irsimizə dövlət qayğısının bariz nümunələri kimi həmin bölgənin tarixi, mədəniyyəti haqqında ziyarətçilərə müfəssəl məlumat verir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Cəmşid Naxçıvanski Muzeyi, Milli Dəyərlər Muzeyi  xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin qorunması və təbliği baxımından çox əhəmiyyətli məkanlardır.

Bu gün Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinin muzeylərə ekskursiyaları təşkil edilir, muzey bələdçilərinin praktiki bilik səviyyəsi yüksəldilir, bu, gənclərin tariximiz, mədəniyyətimizlə bağlı bilik və dünyagörüşlərinin artırılmasında mühüm rol oynayır.

Qürurluyuq ki, dövlətin qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə də tarixi-mədəni abidələrimiz bərpa, restavrasiya edilir. Xalq artisti Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Milli Xalça Muzeyinin Şuşa filialının, Mehmandarovların malikanəsinin milli memarlıq xüsusiyyətlərini yaşatmaqla  istifadəyə verilməsi, Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində, Pənahəli xanın sarayında və digər tarixi, mədəni abidələrimizdə aparılan təmir-bərpa işləri və bu kimi tədbirlər ölkəmizdə muzey işinə verilən dəyərin sübutudur.

Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur”. Tarixi keçmişi dərk etmək, yaddaş salnaməsini qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün hamımız çalışmalıyıq!

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 18.05.2024 12:28